Azərbaycan dünyada baş verən dəyişiklikləri nəzərə alan, yeni dövrün tələblərinə uyğun siyasət həyata keçirir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat deyib ki, əsas məqsəd ölkəmizin milli maraqlarını mövcud mürəkkəb şərtlərdə belə qorunmaqdır: "Regionda son illər ərzində çox böyük dəyişikliklər baş verib. Bir çox ölkələrin ikitərəfli əlaqələri yeni dövrün çağırışlarının ciddi təsirinə məruz qalıb. Biz ənənəvi müttəfiqlər arasında əlaqələrdə ciddi keyfiyyət dəyişikliyi müşahidə edirik. Eyni zamanda daha əvvəl o qədər də dərin əlaqələri olmayan dövlətlər arasında indi strateji tərəfdaşlıq formalaşır. Ümumilikdə beynəlxalq münasibətlərin xarakteri əvvəlki məzmununu xeyli dərəcədə itirib. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, müstəqil dövlət kimi bizim maraqlarımıza hörmətlə yanaşılsın. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq bizim ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilir”.
Soltan Məmmədov vurğulayıb ki, bəzi güc mərkəzlərinin Azərbaycanı öz təsiri altına almaq cəhdləri uğursuzluqla nəticələnib. Bunun əsas səbəbi ölkəmizin müstəqil siyasət yürütməsidir: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunması və əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Bəzi Avropa ölkələrinin, o cümlədən Fransanın regionda vəziyyəti gərginləşdirmək cəhdləri bu bölgədə yaşayan heç bir xalqın maraqlarına cavab vermir. Biz hesab edirik ki, regionla bağlı bütün məsələləri burada yaşayan xalqlar, bu bölgənin dövlətləri həll etməlidir. Bu, tamamilə təbii və məntiqli bir yanaşmadır. Lakin təəssüf ki, heç vaxt müstəqil dövlət kimi özünü təsdiq edə bilməyən Ermənistan bu gün də hansısa siyasi mərkəzlərə sığınaraq, Cənubi Qafqazda sülhə və sabitliyə maneə yaradan faktor rolunu davam etdirmək istəyir”.
Deputat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi, iqtisadi və hərbi potensialı regional proseslərdə fəal rol oynamağa imkan yaradır: "Ölkəmizin ötən müddətdə əldə etdiyi uğurlar Cənubi Qafqazın aparıcı dövləti olduğunu təsdiq edir".