“İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında təqsirləndirilən şəxslər barəsində məhkəmələr tərəfindən əksər hallarda həbs qətimkan tədbiri seçilir. Demək olar ki, 99 faiz halda bu vəsatət və təqdimatlar təmin olunur. Ehtiyac olmadığı halda insan barəsində ən ağır qətimkan tədbiri seçilir. Halbuki, Cinayət Prosessual Məcəlləsində təqsirləndirilən və ya şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar müəyyən edilib”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.
Vəkil bu sahədə məhkəmə təcrübəsini təndiq edib: “Məhkəmənin hazırlıq iclasında şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslı vəsatətlər verilir. Lakin 99 faiz halda o vəsatətlər təmin olunmur. Belə bir məhkəmə təcrübəsi belə yaranıb ki, istintaq dövründə təqsirləndirilən şəxs barəsində hansı qətimkan tədbiri seçilibsə, o da qüvvədə saxlanılır. Yəni məhkəmənin öz mövqeyi olmur. Məhkəmə deyir ki, məsləhət olsaydı, istintaq orqanı həmin şəxsi həbs etməzdi. Bu, düzgün yanaşma deyil. Yaxud istintaq vaxtı şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçirilir, ittiham haqqı təsdiq olunub məhkəməyə gedən ərəfədə şəxs barəsində heç bir ehtiyac olmadan şəxs barəsində həbs qətimkan tədbiri seçilir. Həbs qətimkan tədbiri ağır bir tədbirdir. Şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəsna hal olmalıdır. Əgər bu insan istintaqdan yayınmırsa, ifadə verirsə, istintaq dövründə bir problem yaratmırsa, gizlənmirsə, onu həbs etməyə nə ehtiyac var?”.
Ş.Mirzəyev deyib ki, əksər hallarda həbs-qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanları tərəfindən verilən təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur: “Bu gün istintaq təcridxanalarında normadan artıq şəxs saxlanılır: “Nümunə kimi Bakı İstintaq təcridxanasını götürmək olar. Bu təcridxana 2500 nəfər üçün nəzərdə tutulub. Amma təxminən 4500 nəfərdən çox insan orada saxlanılır. Bu fərqin ağırlığı istintaq təcridxanasının üzərinə düşür. Bundan başqa hər bir şəxsin orada saxlanma xərcləri də dövlət büdcəsinə əlavə yük yaradır. Həbsdə qaldığı müddətdə bir çoxunun səhhətində ciddi problemlər yaranır. Bunlar hamısı neqativ hallardır və insan hüquqlarının pozulmasıdır. Həmin şəxslərdən sonradan bəraət alanlar olur. Yaxud cinayət işinə xitam verilənlər olur. Belə çıxır ki, səbəbsiz yerə onlar həbsdə qalıblar, ömürlərindən illər gedib. Bəs onların pozulmuş hüquqları, itirilmiş nüfuzları necə bərpa olunacaq? Cəmiyyət artıq onları cinayətkar kimi qəbul edir. Eyni zamanda həbsdə olarkən onların ailələri də ciddi çətinliklərlə üzləşir. Bütün bu halları nəzərə almaq lazımdır”.
Vəkil məhkəmələri həbs-qətimkan tədbirinin seçilməsi zamanı diqqətli olmağa çağırıb: “Məhkəmələr bu məsələdə diqqətli olmalıdır. Məhkəmələr istintaq orqanlarının icraatçı mexanizmə çevrilməməlidirlər. Məhkəmə hakimiyyəti müstəqildir. Məhkəmə işi araşdırsın baxsın ki, bu insan barəsində həbs qətimkan tədbirinin seçilməsi doğrudanmı zəruridir? Həbs-qətimkan tədbiri barədə qərar verərkən məhkəmə işin hallarını, cinayət törətmiş şəxsin şəxsiyyətini, cəmiyyət üçün təhlükə törətib-törətməməsini nəzərə almalıdır. Məhkəmələr alternativ qətimkan tədbirləriin seçilməsinə üstünlük verməlidirlər.Qanunvericiliyimizə və Avropa İnsan Hüquqları Konvensiyasına nəzər salsaq görərik ki kifayət qədər qanuni imkanlar var ki, digər qətimkan tədbirləri tətbiq olunsun. Müasir dövrdə texnoloji imkanlardan istifadə olunur. Təqsirləndirilən və ya şübhəli şəxsi izləmə mexanizmləri var. Hansı müstəntiq deyə bilər ki, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilən şəxs istintaqdan qaçıb gizlənib? Bu, çox nadir hallarda ola bilər. Biz işimizi ənənəvi mexanizm üzərində işimizi aparmamalıyıq. Vəkil kimi icraatımızda onlarla iş var ki, ehtiyac olmadan, sübutu zəif olan ittihamla insanlar barəsində həbs qətimkan tədbiri seçilir. Onların arasında ağır xəstələr dəvar. Halbuki həmin insanların bəziləri törətdiyi cinayəti etiraf edir, zərəri də ödəyir, səmimi peşmançılığını ifadə edir. Bu, o deməkdir ki, artıq bu şəxs islah olunub. Qətimkan tədbirinin tətbiqi və ümumən cəzanın verilməsində məqsəd kiməsə fiziki və ya mənəvi əzab vermək olmamalıdır. Məhkəmə-hüquq islahatları bu məsələdə özünü göstərməlidir”.
Şəbnəm Mehdizadə