Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Şəhər nəqliyyatının səmərəliliyinin artırılması üçün piyadaların hərəkət istiqamətlərinin dəqiq planlaşdırılması və axınların idarə olunması vacibdir. Piyadalar müəyyən bir istiqamətdə hərəkət etdikləri zaman onların bir yerdən digərinə keçidi zamanı çoxsaylı nəqliyyat vasitələrindən istifadə etməsi aradan qaldırılmalıdır”.
Bu fikirləri Banco.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Ekspert düşünür ki, bu, həm vaxt itkisinin, həm də xərclərin azalmasına kömək edəcək:
“Hər kəs vahid zaman çərçivəsində, ən qısa müddətdə istədiyi əraziyə səfər edib geri dönə bilməlidir. Bu məqsədə nail olmaq çətin və mürəkkəb bir prosesdir. Bu prosesdə bir-birini təkrarlayan və ya bir-birindən asılı vəziyyətdə olan sistemlərin mövcudluğu vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Bunun əvəzinə, nəqliyyat sisteminin bir-birinə təkan verən və qarşılıqlı əlaqəni intensivləşdirən şəkildə qurulması zəruridir. Bu, nəqliyyatın hərəkət istiqamətlərini optimallaşdırmaq və istifadəçilərin təcrübəsini yaxşılaşdırmaq üçün vacibdir”.