AZ

Həftənin MƏHSULDARI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 18 oyunda 47 qol vurub. Ağdam klubu bu göstərici ilə Avropanın ən məhsuldar komandalarından biridir. Qurban Qurbanovun yetirmələri qitənin milli çempionatlarında bu mövsüm ən çox qol vuran 12-ci komandadır. Təmsilçimiz Avropa nəhəngləri “Bayern” və “Liverpul”la eyni göstəriciyə malikdir.

 

Həftənin MƏSLƏHƏTİ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda seçki prosesi çərçivəsində qeyri-sabitlik yaratmağa çalışmasına dair açıqlamasına münasibət bildirib: “Qoy Fransa prezidenti məhv edilmək üçün qurban verdikləri Ukraynanı izləsin. Mən real problem olan məsələdən danışıram. Yalanı şərh edə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm və bu, Ukraynanın məhv edilməsidir”.

 

Həftənin MİRASI

Tanınmış türkiyəli müğənni Ferdi Tayfur 79 yaşında vəfat edib. Ölümündən sonra Ferdi Tayfurun var-dövləti maraq doğurub. İddialara görə, Ferdi Tayfur yarımada, körfəz və 86 mənzilin sahibidir. Tayfurun Marmarisdə bir körfəz və yarımada, Adanada 50 mənzil, İstanbulda isə 30 ev və 6 villası olduğu bildirilib. Onun mülkünün kimə qalacağı isə hələlik məlum deyil. Qeyd edək ki, müğənninin 5 övladı var.

 

Həftənin XULİQANI

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Real Madrid”i sərt tənqid edib: “Real” xuliqandır. Xoşum gəlmir ki, onlar Trent Aleksander-Arnoldun və ya agentinin razılığından sonra kluba təklif göndəriblər. Onlara icazə verməsələr, təklif göndərməzlər. Amma hər kəs bilir ki, “Liverpul” imtina edəcək. Onda sizin məqsədiniz nədir? “Liverpul” qışda Trenti satmayacaq”. 

 

Həftənin MƏHBUSU

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib. Onun həbsi İkinci Qarabağ müharibəsi ilə bağlıdır. Bu barədə Tiran Xaçatryanın vəkili Varazdat Arutyunyan məlumat yayıb. Maraqlıdır ki, Xaçatryan milli qəhrəman adını müharibənin ən qızğın vaxtında, 2020-ci ilin oktyabrında alıb və bu adı ona Baş nazir Nikol Paşinyan verib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb.

 

Həftənin QƏRARI

2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək. Ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil. Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq.

Seçilən
16
hafta.az

1Mənbələr