“Kino olmayan yerdə hansı təklifdən söhbət gedə bilər?”
IMDb dünya kinolarına dair məlumat bazası bütün zamanların ən yaxşı 250 filminin siyahısını dərc edib. Bu siyahıda müxtəlif ölkələrə aid, fərqli janrlarda filmlər yer alıb. Maraqlıdır, nəyə görə Azərbaycan filmləri belə siyahılarda yer ala bilmir?
Medianews.az-a açıqlama verən xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bildirib ki, Azərbaycan filmləri tarixən festival və beynəlxalq müsabiqələrdə iştirak edib. Lakin:
“Son zamanlar belə hallar baş verir. Vaxtilə Türkiyədə kino inkişaf etməyəndə Azərbaycanda möhtəşəm filmlər ərsəyə gəlirdi. Bu filmlər vasitəsilə bir çox ölkələrdə festivallara, kino günlərinə qatılırdıq. Təəssüf ki, müəyyən bir struktur var idi, o dağıldı, yenisi yaranmadı. İndi-indi Kino Agentliyi yaranıb, ondan gözləntilərimiz var. “Azərbaycanfilm” kinostudiyası olaraq son illər ölkəmizdə film çəkilmir. Boş qalıb o bina. Ona sifariş verilmir. Maddiyatı da nazirlik və Kino Agentliyi ayırır. Bu bizim ən yaralı yerimizdir. Film çəkilmirsə hansı reytinqli siyahıdan söhbət gedə bilər? Arzumuz və istəyimiz də budur ki, “Azərbaycanfilm” kinostudiyası fəaliyyətə başlasın və filmlər çəkilsin. Təbii ki, bu bir-iki günlük məsələ deyil. Bunun üçün zamana ehtiyacımız var. Amma məndə nikbinlik var ki, Azərbaycan filmləri öz axarına düşəcək və yaxşı filmlər çəkiləcək. Bu nə vaxt olacaqsa deməyə çətinlik çəkirəm. O ki, qaldı mənim təklifimə.. Kino olmayan yerdə hansı təklifdən söhbət gedə bilər?” deyə sənətkar bildirib.
Rasim Balayev bildirib ki, amma buna baxmayaraq son illər nüfuzlu festivallarda uğurla nümayiş olunan və ölkəmizə mükafat gətirən filmlərimiz də olub:
“Bunların çoxu da kommersiya yolu özəl prodakşınlar tərəfindən çəkilir. Bu filmlərdə böyük sənətkarlarımız da rol alıb. Sadəcə olaraq bu filmlər həmin festivallara rəsmi dövlət, nazirlik tərəfindən göndərilməyib axı. Onlayn yolu ilə göndərirlər. Bu bizim üçün göstərici deyil. Geniş tamaşaçı kütləsi heç o filmləri görməyib, məlumatları yoxdur. Festival dediyin tədbirə böyük bir kollektivlə getməlisən, iştirak etməlisən” deyə sənətkar bildirib.
Əli Əsgər