“Barselona” son 4 il ərzində ilk dəfə olaraq futbol üzrə İspaniya La Liqasının maliyyə qaydalarına uyğunlaşmağı bacarıb.
Arena.az bu barədə “Barça Universal” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Barselona” son 4 ildə ilk dəfə olaraq, İspaniya La Liqasının “təkbətək” tələb əsasında maliyyə qaydasına qayıtmağı bacarıb. Bu, Kataloniya klubuna “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və mərkəz hücumçusu Pau Viktoru İspaniya La Liqasının cari mövsümünün ikinci dövrəsi üçün müvəqqəti əsasda da olsa, qeydiyyatdan keçirməyə imkan verib.
Bu məsələnin həllində klub prezidenti Joan Laportanın böyük xidmətləri olduğu vurğulanır.
Yeri gəlmişkən, Joan Laporta Ali İdman Şurasının (CSD) Kataloniya təmsilçisinin şikayətlərini müsbət cavablandırmasına emosional reaksiya verib. Məsələ burasındadır ki, daha öncə La Liqa və İspaniya Kral Futbol Federasiyası “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınmasına icazə verməmişdi. Klub isə Ali İdman Şurasına bu məsələ ilə əlaqədar şikayət etmişdi. Bütün sənədlər yoxlanıldıqdan sonra şura ötən gün sözügedən oyunçulara lisenziya verib.
Joan Laporta isə qeydiyyatdan imtina etdiklərinə görə La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmilərinə və nümayəndələrinə qarşı təhqirlər ünvanlayıb. Laporta La Liqa və federasiya rəhbərliyini görəndə özünü tamamilə itirərək qışqırıb: “Siz həyasız insanlarsınız! Əclaflar!”
İspaniya Super Kubokunun yarımfinalında “Atletik”lə matçda VİP kabinetdə olan Laportanın La Liqa və federasiyaya ünvanladığı təhqiredici sözlər kameralara da düşüb.
Xatırladaq ki, “Barselona” 19 turdan sonra 38 xalla İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.