AZ

Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Nizam mübahisə zamanı 1979-cü il təvəllüdlü Ramalı (adlar şərti verilib - red.) odlu silahla qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 21 dekabr 2023-cü ildə baş verib.

Nizam dövlət qurumlarından birində işdə olduğu vaxt arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Ramalın idarə etdiyi "Mersedes S 350" markalı avtomobillə binanın qarşısına gəldiyini görüb. O, avtomobildən düşmədən Nizamla mübahisə edib.

Ramal onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Nizam avtomobilin ön sərnişin qapısını açmaq istəsə də, Ramal maşını sürərək oradan uzaqlaşıb.

Nizam inzibati binaya daxil olub, istirahət otağına gedərək istifadəsində olan mobil nömrədən Ramala dəfələrlə zəng edib. Ramal onunla bir neçə dəfə telefonla danışdıqdan sonra saat 18:22-də idarə etdiyi avtomobillə yenidən binanın qarşısına gəlib. İnzibati binaya daxil olub, heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən birbaşa qurumun rəhbər müavininin üçüncü mərtəbədə yerləşən xidməti iş otağına qalxıb.

Nizam Ramalın qurum rəhbərliyinin və şəxsi heyətin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib. Bunu önləmək, eyni zamanda arvadına əxlaqsız təkliflər etməsinə, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə Ramalı öldürmək qərarına gəlib. Bu məqsədlə inzibati binanın üçüncü mərtəbəsinə qalxıb. Otağa daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş vəziyyətinə gətirib. Giriş qapısı ilə üzbəüzdə stuldan qalxmaq istəyən Ramala doğru yaxın məsafədən ardıcıl 8 atəş açıb. Ramal aldığı güllə yaralarından vəfat edib.

İstintaq orqanı tərəfindən Nizamın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, spirtli içkilərə aludə olub və bu səbəbdən Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranıb: "2023-cü ilin avqust ayında atamdan pul istədim. Atam imkanı olmadığını bildirdi. Daha sonra məni bibim oğlu Ramala tapşırdı ki, mənə maddi kömək olsun. Çox içki içdiyim üçün atam məndən bezmişdi.

Ramalla münasibətlərim yaxşılaşdı. Zəng edib mənimlə maraqlanır, işlətdiyi restorana dəvət edirdi. Mənə səmimi münasibət göstərdi, borclarımı ödəməkdə köməklik göstərəcəyini bildirdi.

Mənim əmilərimlə münasibətim yaxşı deyildi. Ramal isə əmilərimin də mənə köməklik göstərəcəyini dedi. Bir gün ondan borc pul istədim. Mənə 100 manat pul göndərdi. Sonradan mənim üçün xərclədiyi pulun da borc olduğunu bildirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramal ona 50 manat da göndərib: "Bir dəfə ondan 500 manat borc istədim. Mənə darıxmamağı məsləhət bildi, xəbər edəcəyini dedi. Axşama kimi heç bir xəbər çıxmadı. Ona zəng edəndə mənimlə kobud danışdı, "sənə pul verməliydim?" dedi. Mən evə gələndə evdə qanqaraçılıq olduğunu gördüm. Yoldaşım Ramaldan 500 manat borc pul istəyib-istəmədiyimi soruşdu. Ondan borc istəməyimi haradan öyrəndiyini soruşdum. Yoldaşım Ramalın ona yazdığını bildirdi. Dedi ki, mənim evə gəlib-getməyimə nəzarət etmək məqsədi ilə onun nömrəsini alıbmış".

Nizamın sözlərinə görə, daha sonra həyat yoldaşı Ramalın ona əxlaqsız təkliflər etdiyini, gizli sevgilisi olmasını təklif edib, əgər razı olsa, kartına 500 manat atacağını bildirib: "Hadisədən 1-2 gün keçdikdən sonra əmim Sədini çağırdım və hadisəni ona danışdım. Əmim yazışmalara baxmaq istədi. Yoldaşım yazışmaları sildiyi üçün baxa bilmədik. Əmim yazışmalar olmadığı üçün özümüzü biabır etməməyi məsləhət gördü.

Mən çox içki içdiyim üçün böyüklər arasında etibarımı itmişdim. Bu məsələdə də heç kim mənə inanmadı. Daha sonra atam müalicə üçün Rusiyaya qardaşının yanına getdi. Getməmişdən əvvəl mənə tapşırdı ki, Ramal məsələsini bağlayım.

Sentyabr ayının ortalarında mən Şamaxıda yerləşən "555" kafesində içki içən zaman Ramaldan zəng gəldi. Telefonu açanda məni söyməyə başladı. Zənglərinə niyə cavab vermədiyimi soruşdu. Onu kafeyə dəvət etdim. Ramalı qorxutmaq məqsədi ilə mətbəxə getdim və bıçaq götürərək belimə qoydum.

Seçilən
11
8
publika.az

6Mənbələr