Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşları üçün qaydaları sərtləşdirib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Təsirə məruz qalan Rusiya hava məkanında 60-cı meridian şərq uzunluğunun qərbində bütün uçuş səviyyələrində uçuşlardan çəkinmək tövsiyə olunur”, - deyə açıqlamada bildirilib.
Bununla da, Rusiyanın demək olar ki, bütün Avropa hissəsi Avropa təyyarələri üçün əlçatmaz olacaq.
Bundan başqa, daşıyıcıların aldığı təhlükəsizlik icazəsi 2025-ci il iyulun 31-dək qüvvədə olacaq. Yaranacaq vəziyyətə əsasən əlavə qərarlar veriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstanda baş verən təyyarə qəzasından sonra bəzi xarici aviaşirkətlər Rusiyaya reyslərini dəyişib və ya ləğv ediblər.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Respublika Nəqliyyat Nazirliyi əlavə edib ki, onların arasında 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Qəzada 29 nəfər sağ qalıb və xəstəxanaya yerləşdirilib.