Terrora və PKK-nın varlığına son qoymaq üçün başladılan prosesdə Abdulla Öcalnala ilk görüş başa çatıb. İkinci və üçüncü görüşdə Öcalanın Qəndillə birlikdə təşkilatın Suriya və Avropa qollarına çağırış edəcəyi, muxtariyyət və ya federasiya tələbinin olmadığını bildirəcəyi iddia olunur.
Publika.az xəbər verir ki, Türkiyənin PKK terroruna son qoyması üçün yeni prosesin ikinci mərhələsi başlayır. Türkiyə mətbuatının iddiasına görə, Abdulla Öcalanın saxlanıldığı İmralıya ikinci səfərə hazırlıq görülərkən, siyasi partiyalarla danışıqların nəticələri dəyərləndiriləcək. DEM qanadından İmralı ilə ikinci görüşün yanvarın 15-də keçirilə biləcəyi ilə bağlı fikirlər olsa da, hələlik dəqiq tarix müəyyənləşməyib.
Lakin hökumət də prosesin uzadılmasını istəmir. Əgər çağırış ediləcəksə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair fikir var.
İkinci və ya üçüncü görüşdən sonra Öcalanın çağırışları olacaq. Bu çağırışda Öcalanın “muxtariyyət və ya federasiya” tələbinin olmadığı və təşkilatdan bu tələblərdən əl çəkərək silahlı mübarizəyə son qoymasını istəyəcəyi bildirilir.
Pərdə arxasında bu çağırışın hansı üsulla ediləcəyi ilə bağlı da qiymətləndirmələr aparılır. Öcalanın əl yazısı ilə mətn yaza bilməsi ehtimalı yüksək olsa da, dövlətin icazəsi ilə audio-video zəng edə biləcəyi də düşünülür.
Bildirilir ki, DEM Partiyasının nümayəndə heyəti siyasi partiyalarla görüşlərində Öcalanın özü və ya Suriyada muxtar bölgə yaradılması ilə bağlı heç bir tələbinin olmadığını çatdırıb.