AZ

Biologiyaya maraq: Dərslər bu yollarla daha interaktiv EDİLƏ BİLƏR

Biologiya bəzi şagirdlər üçün asan, bəziləri üçün isə çətin bir fəndir.

 

Maraqlıdır, biologiya dərsliklərində şagirdlər üçün çətin və artıq hesab edilən mövzular varmı? Ümumiyyətlə, biologiya dərsliklərinə əlavə olunmalı və ya mövcud mövzuların təkmilləşdirilməsi üçün hansı dəyişikliklər edilməlidir?

 

AzEdu.az-a bu mövzu ilə bağlı Biologiya müəllimi Camal Kərimov bildirib ki, biologiyanın tədrisinə dəstək olan gəzintilərin təşkilinə də diqqət yetirmək vacibdir:

153053

“Müasir dövrdə dünyada gedən qloballaşma prosesi, milli xüsusiyyətləri və dəyərləri nəzərə alaraq, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını tələb edir. Bu isə, öz növbəsində, Azərbaycan təhsil sisteminin məzmun və struktur cəhətdən yeniləşdirilməsini və ümumbəşəri prinsiplər əsasında qurulmasını vacib edir. Bu gün məktəblərdə tədris edilən biologiya fənni müxtəlif məqsədləri daşıyır.

 

İlk növbədə şagirdlərə canlılar aləmi, onun quruluşu, mahiyyəti, müxtəlifliyi, təsnifatı, ətraf mühitlə qarşılıqlı əlaqəsi barədə biliklərin verilməsi və şagirdlərdə müşahidə etmə bacarığının formalaşdırılmasına xidmət edir.

 

Daha sonra, canlılar aləminin maddi gerçəkliklə bir sistem təşkil etməsinin, bu sistemin öyrənilməsi və qorunmasının vacibliyini aşılamaq, ekologiyanın qanunauyğunluqlarını dərk etmənin onun həyatımıza necə nüfuz etməsi arasındakı əlaqəni qurmaq bacarığını təkmilləşdirir.

 

Eyni zamanda şagirdlərə özlərinin və ya yaxınlarının sağlamlığının qayğısına qalmaq bacarığını öyrədir.

 

Bütün bunları nəzərə alaraq, dərs prosesində şagirdlərin biologiyaya olan maraqlarını artırmaq üçün onların fəaliyyətlərini səmərəli və effektiv təşkil etmək məqsədilə ənənəvi metodların əvəzinə interaktiv təlim metodlarından istifadə etmək məqsədəuyğundur. Dərs mövzularını gündəlik həyatla əlaqələndirərək, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə və bunun qarşısının alınması üçün müxtəlif ideyaların irəli sürülməsi kimi mövzulara aid təqdimatlar, layihələr və araşdırmaların verilməsi lazımdır.

 

Biologiya fənnini multimedia vasitələri ilə vizuallaşdırmaq üçün "YouTube"-dan, müxtəlif simulyasiyalardan və e-jurnallardan, Learning.Apps.org saytından, //phet.colorado.edu/ simulyasiya resursundan istifadə etmək effektivliyi artırır.

 

Biologiyanın tədrisində onlayn oyunlardan istifadə etmək də faydalıdır. “Jeopardy”, “Quiz Bowl”, “Taboo”, “Pictionary”, “Twenty Questions”, “Kahoot!” kimi WEB 2.0 alətləri şagirdlərin dərsə marağını artıracaq və dərsin refleksiyasını rahatlıqla təşkil etməyimizə kömək edəcək".

 

Həmsöhbətimiz qeyd edib ki, laboratoriya dərsləri və praktiki tapşırıqların təşkili də səmərəlidir:

 

"Biologiyanın tədrisinə dəstək olan gəzintilərin təşkilinə də diqqət yetirilməlidir. Məsələn, botanika bağı, zoopark, meşə, zavod və tədqiqat laboratoriyası kimi məkanlar biologiya fənninin öyrənilməsinə dəstək olur.

 

Biologiyanı digər fənlərlə əlaqələndirmək də vacibdir. Məsələn, coğrafiyanı sevən bir şagirddən Azərbaycanın ürəyi, beyni, qan damarları və qanının ona görə harada olduğunu soruşa bilərsiniz. Çiçəyin quruluşu haqqında danışarkən Xarı bülbül çiçəyindən istifadə edə bilərik və onu Zəfər tariximizlə əlaqələndirə bilərik.

 

Dərsliklərin və müəllimlərin fasilitasiya qabiliyyətlərinin birgə sintezi nəticəsində biologiyanı şagirdlərə sevdirmək biz müəllimlərin vəzifəsidir. Hazırda yazılmış yeni 7-ci sinif dərsliyi öz interaktivliyi və aktualığı ilə çox yaxşıdır. Praktik tapşırıqlar və məntiqi tapşırıqlar şagirdlərdə dərsə maraq oyadır və onlara bu tapşırıqlara daha yaradıcı yanaşmağı öyrədir".

Seçilən
19
azedu.az

1Mənbələr