AZ

Bakı COP29-u möhtəşəm iqlim tədbiri kimi tarixə yazdı

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın COP29 sammitinə layiqli ev sahibliyi etməsi və qlobal zirvə görüşündə bir sıra mühüm beynəlxalq miqyaslı razılaşmaların əldə edilməsinə toxunub. Dövlət başçısı COP29-u ölkəmiz üçün böyük bir çağırış və imkan adlandıraraq qlobal iqlim ailəsi tərəfindən həvalə edilmiş bu vəzifəni uğura çevirməkdən ibarət olduğunu xatırladıb.

Azərbaycan vaxtın az olmasına baxmayaraq 11 ay ərzində yüksək hazırlıq qabiliyyəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının 29-cu sessiyasını hədsiz dərəcədə uğurla və nümunəvi bir formada ev sahibliyi etdi. 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı, COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.

Gözü götürməyənlərin bəd niyyətləri ürəyində qaldı

Tədbir Azərbaycanın bədxahlarının qarayaxma kampaniyası, yəni sessiyanın boykot olunmasına çağırışlar şəraitində reallaşdı. Bir sıra dövlətlər ciddi ekoloji müzakirələrə həssaslıq göstərmək əvəzinə, Azərbaycanın evsahibliyinə qısqanclıq, başqa sözlə ölkəmizə olan hörməti həzm etməməkdən irəli gələn kobud davranış sərgiləyirdilər. Daxildəki müəyyən qüvvələr də xaricdəki qulp qoyanlarla, pozucu qüvvələrlə səs-səsə vermək istəyirdi. Məqsəd bəlli idi, tədbir baş tutmasın, Azərbaycan beynəlxalq aləmdə rüsvay olsun. Bütün bunlar ölkəmizin uğurlarını gözü götürməyənlərin xislətindən irəli gəlirdi.

Əlbəttə, bu cür ucuz kampaniyaların ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyildi. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsil həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılıb. Ona görə də COP29 iqlim sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya iqlim ailəsinə örnək olacağı şübhə doğurmurdu.

İqlim ailəsinin həmrəyliyi - Bakı Nailiyyəti

BMT-nin Baş katibi iki dəfə - tədbirin açılışında və bağlanışında səfər etməklə Azərbaycana və COP ailəsinə olan ehtiramını nümayiş etdirdi. Baxmayaraq ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycana gəlmədi, bu, COP29-un keçirilməsinə xələl gətirmədi. Bu, COP-a üzv olan tərəf kimi Avropa Komissiyası barədə çoxsaylı suallar doğurdu. Ələlxüsus da, bu addım Azərbaycana yox, beynəlxalq iqlim ailəsinə qarşı hörmətsilzik kimi səciyyələndirilə bilər.

Azərbaycan COP29-a ev sahibliyini üzərinə götürdüyü ilk gündən başlayaraq özünün “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaratdı. Dövlət başçısının vurğuladığı kimi çoxları bunu Bakı Nailiyyəti adlandırır. Çünki COP tarixində ən mühüm sazişlər Azərbaycan paytaxtında imzalandı, uzun illər əldə edilməyən razılaşmalar burada həllini tapdı. Təxminən 10 il ərzində COP ailəsi karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində ölkəmizdə mühüm uğur əldə edildi, karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmaya imza atıldı. Bundan başqa, COP-un əsas mövzularından biri maliyyələşmə ilə bağlı yekun nəticəyə nail olundu. İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi də COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində öz həllini tapdı. Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edildi.

Azərbaycanın nümunəvi təqdimatı

Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapdı, məhz ölkəmizin iradəsi sayəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) yaradıldı, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilməsi ilə dünya ölkələri üçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyənləşdi. Tədbirdə 1 trilyon dollar civarında gözləntilər olsa da, sözsüz ki, bu, qeyri-real rəqəm idi. Ancaq Azərbaycan real olanı etdi, nəzərdə tutulmuş məbləği 3 dəfə artıraraq 100 milyard dollardan 300 milyard dollara çatdırdı. Bu, böyük nailiyyət kimi gələcək üçün bir miras oldu. Həmin Fond artıq öz ritmi ilə fəaliyyətdədir və iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayacaq. Respublikamızın nail olduğu bu qlobal təşəbbüskarlığın nəticəsidir ki, beynəlxalq ekologiya ailəsi COP29-u “maliyyə COP-u” kimi də təqdim etməkdədir.

Ümumilikdə, ölkəmiz tərəfindən dünya iqlim ailəsinə 14 əsas təşəbbüs irəli sürüldü və həmin təşəbbüslərin böyük əksəriyyəti üzrə praktiki işlər icra olundu. Azərbaycan üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Regionda buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilmədiyini nəzərə alsaq, Azərbaycanın təqdimatı da çox uğurla başa çatdı.

Beləliklə, Azərbaycan dünyanı Bakıya toplayaraq nümunəvi və COP tarixinə qızıl hərflərlə yazılan sammiti keçirməyə nail oldu.

ELBRUS

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr