AZ

Semestr imtahanlarında tələbələr üçün ən effektiv öyrənmə USULLARI

Artıq universitetlərdə qış imtahan sessiyası başlayıb. Hər bir tələbənin özünəməxsus öyrənmə üsulu var. Bəziləri mövzunu konspekt edərək öyrənir, digərləri yüksək səslə danışaraq yadda saxlayır və ya müxtəlif metodlardan istifadə edirlər.

 

Maraqlıdır, tələbələr mövzunu necə öyrənsələr, imtahanda daha yaxşı nəticə əldə edə bilərlər?

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, tələbələr mövzuları əvvəldən müəyyən edilmiş vaxtda öyrənməli və planlı şəkildə hər bir mövzunu təkrar etməlidirlər:

153056

“Qış imtahan sessiyasının başlanması ilə tələbələrin qarşısına çıxan ən böyük məsələlərdən biri mövzuları effektiv öyrənmək və yaxşı nəticələr əldə etməkdir. Hər bir tələbənin özünəməxsus öyrənmə üsulu olduğu üçün hansı üsulun daha yaxşı nəticə verəcəyini müəyyənləşdirmək vacibdir. Bəzi üsullar daha çox ümumi olaraq hər kəsə uyğun gəlir, bəziləri isə fərdi öyrənmə tərzlərinə görə daha effektiv ola bilər. Buna bir neçə nümunə gətirə bilərik.

Bəzi tələbələr məlumatları vizual şəkildə qavrayırlar. Belə tələbələr üçün konspekt yazmaq, şəkillər və qrafiklərdən istifadə etmək, mətnləri rəngləyərək müəyyən hissələri vurğulamaq faydalı ola bilər. Bu üsul "vizual öyrənmə" adlanır və məlumatın gözlə görülə bilən şəkildə təqdim olunması yaddaşda daha uzun müddət qalmasına kömək edir.

Bəzi tələbələr məlumatları eşitdikdə daha yaxşı öyrənirlər.Mənim tələbələrə ən çox məsləhət gördüyüm metod bu metoddur.

Bu, "auditoriya öyrənməsi" adlanır. Bu tələbələr yüksək səslə danışaraq öyrənməyi üstün tuturlar. Onlar təkrar etmə zamanı mətni özləri səsləndirərək mövzunu daha yaxşı mənimsəyirlər. Bu metod həmçinin, məlumatları başqalarına izah etmək və ya müzakirələr aparmaq yolu ilə də effektiv olur

Bu metodlar ilə yanaşı, tələbələrin zaman idarəetməsi bacarıqları da imtahan nəticələrində mühüm rol oynayır. Tələbələr mövzuları əvvəldən müəyyən edilmiş vaxtda öyrənməli və planlı şəkildə hər bir mövzunu təkrar etməlidirlər”.

Müsahibimiz qeyd edib ki, imtahanın yaxınlaşdığı dövrdə "Pomodoro texnikası" kimi vaxt idarəetmə üsulları da faydalıdır:

 

“Bu üsulda 25 dəqiqəlik intensiv öyrənmə seanslarından sonra 5 dəqiqə fasilə verilir. Bu üsul, diqqəti saxlamağa və öyrənmənin effektivliyini artırmağa kömək edir”.

 

Son olaraq Ə.Həsənli tələbələrə müraciət edib:

“Bütün tələbələrə qış imtahan sessiyasının başlaması ilə əlaqədar uğurlar arzulayıram. Hər birinizin özünəməxsus öyrənmə üsulu, güclü tərəfləri və məqsədləri var. Buna görə də, bu dövrdə daha öncə əldə etdiyiniz bilikləri sınamaq və nəticələrə çatmaq üçün özünüzə inamla yanaşın. Unutmayın ki, imtahanlar yalnız biliklərinizin göstəricisi deyil, həm də özünüzü daha yaxşı tanıma, güclü və zəif tərəflərinizi aşma fürsətidir. Hər bir çətinlik və hər bir səhv sizə daha yaxşı başa düşməyə, daha mükəmməl olmağa kömək edəcək. Bu müddətdə diqqətinizi toplamağınız, düzgün zaman idarəetməsi və istədiyiniz nəticəni əldə etmək üçün əzmlə çalışmanız çox önəmlidir. Hər birinizə uğurlar arzulayıram və əminəm ki, göstərdiyiniz səylərin qarşılığını mütləq alacaqsınız”.

Seçilən
15
azedu.az

1Mənbələr