AZ

Prezident bu müsahibə ilə bir daha göstərdi ki...

Prezident İlham Əliyevin beş televiziya kanalına verdiyi müsahibə sabahımız üçün bir yol xəritəsi kimi dəyərləndirilməlidir. Cənab Prezident, əlbəttə ki, geniş spektri əhatə edən cavablar verdi. O cümlədən də Avropa ilə bağlı Avropa Birliyi ilə bağlı, eyni zamanda Fransa ilə bağlı məsələlərə aydınlıq gətirdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Fransanın müstəmləkəçilik siyasətinə cənab Prezident yenə də toxundu, özəlliklə də Fransanın müstəmləkə altında saxladığı xalqlara qarşı qeyri-insani davranışına diqqət çəkdi. Ayrıca vurğuladı ki, müstəmləkə altında olan xalqlar o qədər qeyri-insani şəraitdə yaşamağa məcbur edilir ki, bu, Fransa kimi bir ölkə üçün böyük ayıbdır. Qeyd etdi ki, Fransa bu gün Azərbaycanın onun daxili işlərinə qarışmasından şikayətlənir. Əgər Azərbaycan kimi balaca bir dövlət o boyda Fransanın daxili işlərinə qarışacaq qədər güclüdürsə, deməli, biz həqiqətən də çox irəli getmişik.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət vurğuladı ki, özəlliklə cənab Prezident Avropa Birliyinin rəhbərinin COP29-da iştirakdan yayınması məsələsinə diqqət çəkdi. Həqiqətən də bu vaxta qədər COP toplantılarında Avropa Birliyinin rəhbəri daim iştirak edib. Amma təəssüflər olsun ki, bu toplantıya gəlmədi. Özü də əvvəlcədən gəlməsi ilə bağlı razılığı və proqramı olduğu halda hansısa səbəblərdən bu proqramı ləğv etdi və gəlib iştirak eləmədi. Cənab Prezident də bu məsələlərə toxundu. Eyni zamanda, həm Avropa, həm də Amerika Birləşmiş Ştatlarından qaynaqlanan maliyyə mənbələrinin Azərbaycanın içində zərərli fəaliyyətlərinə diqqət çəkdi. Yəni bu da vacib məsələdir. Çünki həqiqətən də NED kimi qurumların Azərbaycanın daxilində ictimai rəyi çaşdırmaq, vətəndaş qarşıdurması yaratmaq cəhdləri göz önündədir və cənab Prezident Azərbaycan dövlətinin bu cəhdlərin qarşısını necə ustalıqla alması ilə bağlı fikirlərini səsləndirdi.

Ekspert daha sonra qeyd edib ki, bütövlükdə bu müsahibə bir daha Azərbaycan dövlət rəhbərinin qətiyyətini, müstəqil mövqeyini, eyni zamanda, Azərbaycan dövlətinin və millətinin maraqlarını heç kimə və heç nəyə güzəştə getmədiyini göstərdi. Yəni bizim Prezidentimiz bir daha bu müsahibə ilə göstərmiş oldu ki, istənilən məsələdə, istənilən dövlətin qarşısında durmağa hər zaman hazırdır və bu gücü, bu güvəni də xalqdan alır. Yəni Azərbaycan xalqı ilə dövləti, onun Prezidenti birdir. Ona görə də heç bir dövlət, heç bir beynəlxalq qurum, heç bir xarici qüvvə bizə qarşı gələ bilməz.

Səbinə Kazımova, “İki sahil”

Seçilən
23
50
ikisahil.az

10Mənbələr