AZ

Bu gün görkəmli bəstəkar Elza İbrahimovanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Respublikanın və Dağıstanın xalq artisti Elza İbrahimovanın doğum günüdür.O, 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.Hələ uşaq yaşlarından Elzanın musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilib və musiqi məktəbinə yazılıb.Sənətkar 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olmuş Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub. Yaradıcılığında təkcə estrada janrı ilə kifayətlənməyən sənətkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. O bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib.Sənətkar 11 fevral, 2012-ci ildə Bakı şəhərində vəfat edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr