AZ

Görkəmli qazax yazıçısı Muxtar Maqauin vəfat edib

Astana, 10 yanvar, AZƏRTAC

Qazaxıstanın Xalq yazıçısı Muxtar Maqauin həyatının 85-ci ilində dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, görkəmli yazıçı həm də alim və ədəbiyyatşünas kimi Qazaxıstan mədəniyyətinə mühüm töhfə verib. Qazaxıstan Dövlət Universitetində filologiya təhsili alan Maqauin ömrünü milli ədəbiyyatın tədqiqinə həsr edib.

Görkəmli ədibin qələminin məhsulu olan əsərlər qazax ədəbiyyatını zənginləşdirib. “Bulaq suları” ikicildlik romanı onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər qazax xalqının keçdiyi tarixi yolun və müasir inkişafın dərin, mənalı təhlili ilə səciyyələnir. Eyni zamanda, onun tədqiqat əsərləri və romanları Qazaxıstan xalqının mədəni irsinin qorunmasına və təbliğinə kömək edib.

Milli ədəbiyyatın inkişafında xidmətlərinə görə yazıçı yüksək dövlət mükafatları və fəxri adlarla təltif edilib, o cümlədən Qazaxıstanın Xalq yazıçısı fəxri adına və Qazaxıstan Respublikası Dövlət Mükafatına layiq görülüb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
14
azertag.az

1Mənbələr