AZ

Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib

Azərbaycanın futbol çempionatlarında qış fasiləsi olsa da, gündəm qaynardır. Transfer bazarı, legioner limiti, futbolun inkişafı ilə bağlı hazırlanana strategiya və digər məsələlər geniş müzakirə olunur.

Bu günlərdə 2 məsələyə diqqət daha çox ayrılır. Biri klubların qış transfer pəncərəsindəki siyasətləridir. Digəri isə AFFA-nın yeni mövsüm üçün planlarından biri olan legioner limitinin dəyişdirilməsidir.

Belə məqamda təcrübəli mütəxəssislərin fikirləri, rəyləri və təklifləri maraqlı olur. Elə ona görə də tanınmış funksioner Tahir Süleymanova bir sıra suallar ünvanladıq.

- Tahir müəllim, Azərbaycan futbolunun problemlərindən biri klubların idarəetməsi və transfer siyasəti ilə bağlıdır. Bəzi klublar heyətlərində də tez-tez dəyişikliklər edirlər. Xüsusilə bir transfer pəncərəsində alınan əcnəbilər, demək olar ki, oynamır, ehtiyatda qalır və növbəti transfer pəncərəsində göndərilirlər. “Karusel” beləcə davam edir…

- Dünya klub futbolu idarəçiliyində vahid sistem mövcud deyil. FİFA, konfederasiyalar, milli federasiyaların qərarları və ölkələr üzrə ümumi qanunvericiliyə uyğun olaraq klublar müstəqil fəaliyyət göstərir. Hər klubun öz tarixi ənənəsi, oyun üslubu, futbola yanaşması, fanat ordusu, maliyyə imkanları var. Bu amillər mütləq nəzərə alınmalıdır. Yeni yaradılmış klublarda fəaliyyət göstərmək daha asandır, təzyiqlər yox dərəcəsində olur. Sabitliyin yaradılması, davamlı uğurların qazanılması yolunda futbolu dərindən bilməklə yanaşı, strateji və faktiki klub idarəçiliyi bacarığı, məsuliyyət, liderlik keyfiyyətləri mütləqdir. Komandanın formalaşdırılması baxımından legioner seçimləri çox həssas məqamdır. Hədəflərə görə qurulan heyət nəticə verməyə borcludur. Legioner seçimləri elə aparılmalıdır ki, onlar komandanı arxasınca apara, aparıcı, güclü klublarda çempionluqları, kubokları təmin edə bilsinlər. Komanda tək meydanda futbolçulardan ibarət olmur, bu, klub sisteminin son mərhələsidir. İdarəçi heyət, məşqçilər korpusu, seleksiya xidməti, akademiya və digər klub xidmətləri sinxron olaraq bir-birini tamamlayan vahid komanda, mexanizm kimi çalışmalıdır. Ancaq bu halda komanda meydanda 90 dəqiqəni qələbələrlə bitirə, nəticələr qazana bilər. Pərakəndəlik, sistemsizlik, şəxsi maraqlar olan yerdə ciddi uğurlar qazanıla, sabit çıxış təmin edilə bilməz! Klub istənilən səviyyədə çıxış edə bilmirsə, bu, öncə idarəetmədə olan problemlərin qarşılığıdır. Baş məşqçini, futbolçuları seçən klub rəhbərliyidir. Hansısa klubda uğursuzluqlara biganə yanaşılırsa və ya bəhanə tipli kosmetik dəyişiklik edilirsə, deməli, maraqlar fərqlidir.

- Hansısa klublar varmı ki, idarəetməsindəki problemlər sizin diqqətinizi xüsusilə cəlb edir?

- Ad çəkməyə ehtiyac yoxdur. Premyer Liqanın turnir cədvəli, mövsümlər üzrə nəticələr əyani göstəricidir.

Seçilən
25
1
publika.az

2Mənbələr