Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran və Zərigüməco kəndlərinin sakinləri ilə keçirdiyi görüşdə Azərbaycanda icra başçılarının vətəndaşlara gerçək münasibətini əks etdirən hadisə yaşanıb. Belə ki, icra başçısının görüş keçirdiyi otaqda istilik sistemi olmayıb. İcra başçısı insanların soyuqda oturmasına əhəmiyyət verməyərək öz canını, daha doğrusu arxasını isitməklə məşğul olub. Bunu əks etdirən foto “Qaynarinfo” saytı tərəfindən yayımlanıb.
Fotolardan aydın görünür ki, icra başçısının oturduğu hissədə onun arxa tərəfinə iki elektrik qızdırıcı sobası qoyulub. Vətəndaşlar isə görüşdə üst geyimlərində iştirak etməli olublar. Əslində bu, icra başçısının vətəndaşlara gerçək münasibətinin göstəricisidir. Elə bu mənzərəyə əsaslanaraq demək olar ki, həmin icra başçısı öz vəzifələrini də elə belə yerinə yetirir – yerim rahat, arxam isti olsun, vətəndaşın canı çıxıb donsa da olar. Bunu başqa formada da ifadə etmək olar – Mənim qarnım də cibim də dolsun, vətəndaş acından ölsə də olar…
Cənab Əkbər Abbasov, o sobaları qoşa-qoşa arxanıza qoydurarkən, heçmi vicdan əzabı çəkmədiz? Axı sizi Lerikə xalqa xidmət etmək, onların halına yanmaq üçün göndəriblər. Xalqa xidmətin, vətəndaşa hörmətin əsl nümunəsi olan cənab Prezidentin etimadını beləmi doğruldursuz?
Axı sizə və sizin kimi arxasını, konkret olaraq boynunun arxasını isitməklə məşğul olan məmurlara Dövlət başçısı dəfələrlə deyib ki, adam olun, vətəndaşları narazı salacaq hərəkətlərə yol verməyin. Gözünüzün önündə gənclərlə görüşlərdə belə xüsusi oturacaqlardan imtina edərək, hamının oturduğu stolda əyləşən Prezident İlham Əliyev nümunəsi var!
Yoldaş başçı, gəlin razılaşın ki, camaatı soyuq otağa yığıb nümayişkəranə şəkildə qoşa sobalarla arxanızı isitməyiniz mənəviyyat məsələsidir. Rayonun elektrik təsərrüfatının yenilənməsinə olan ehtiyac barədə danışmağa gələn vətəndaşın qarşısında o cür hərəkətə yol verməyiniz vətəndaşı dövlətdən narazı salmağa xidmət edən təxribatçı əməldir. Daha deyim, ayıb olsun sizə! O sobalardan heç olmasa birini vətəndaşların əyləşdiyi yerə qoya bilərdiz.
Qeyd edək ki, yazı hazırlanandan sonra Lerik İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı açıqlama yayılıb. İddia olunur ki, vətəndaşların oturduğu hissəyə də soba qoyulub. Lakin fotolorda bunu görmək mümkün deyil. Görünən odur ki, icra başçısının kostyumda olduğu iclasda vətəndaşlar qalın üst geyimləri ilə iştirak ediblər. Adətən bu kimi icra başçılarının iştirak etdiyi tədbirlərdə iştirakçılardan kostyumda olmaları tələb olunur. Deməli, Lerikdə keçirilən görüşdə isə iştirakçılar dediyimiz kimi üst geyimlərində olublar. Bunun da məcburiyyətdən irəli gəldiyini deyə bilərik.
Nicat DağlarMissiya.Az