Onun bildirdiyinə görə, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır: "Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi hədəfi olan ölkədə sosial sahəyə də belə diqqət yetirmək, əlbəttə, həyata keçirilən siyasətin mahiyyətini göstərir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də diqqət göstərəcəyik.
Azərbaycan dünyada sosial dövlət kimi tanınır. Azərbaycan dövlətinin siyasətində vətəndaş amilinə verilən önəm beynəlxalq maliyyə qurumlarının da hesabatlarında xüsusi qeyd edilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu hədəfi qarşıya qoydu ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əmək haqqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması prioritet məsələ kimi öndə saxlanıldı. Son 21 ilin sosial-iqtisadi göstəricilərinə, insanların hər addımda özünə diqqət və qayğının şahidi olmasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev atdığı hər bir addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Hər il özündə mühüm Fərman və sərəncamları birləşdirən sosial paketin təsdiqlənməsi də vətəndaş amilinə diqqətin bariz nümunəsidir. Cari ildən növbəti sosial paketin icrasına başlanıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31