ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalında açıqlamasında ölkə rəhbərinin Rusiya-Ukrayna müharibəsinə münasibətindən danışıb. Qeyd edib ki, Ağ Ev sahibi Ukrayna münaqişəsinin nizamlanması məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.
Onun sözlərinə görə, Tramp Putinə və ya rusiyalılara nə isə verməyə çalışmır, əksinə, o, Ukraynanı və onun suverenliyini xilas etmək istəyir. Eyni zamanda xüsusi nümayəndə, D.Trampın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istədiyini bəyan edib.
Maraqlıdır, Moskva hansısa güzəşt əldə etmədən, öz marağını güdmədən münaqişənin nizamlanmasında həvəsli olacaqmı? Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmədən Ukraynanın suverenliyi necə bərpa ediləcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin yeni Prezidenti Donald Tramp maksimum şəkildə çalışacaq ki, Rusiya-Ukrayna müharibəsinin bitməsinə nail olsun.
Onun sözlərinə görə, bunun üçün də atəşkəs müqaviləsinin tez bir zamanda imzalanmasına cəhd edəcəklər: “Rusiya ilə Ukrayna arasındakı müharibə o şərtlə dayandırıla bilər ki, məsələ atəşkəslə həll olunsun. Sülh müqaviləsinin imzalanmasından hələ ki, söhbət gedə bilməz. İki dövlət arasındakı əsas məsələ böyük ehtimalla uzun danışıqların mövzusu olacaq. Ukraynanın suverənliyinin tam bərpasından təəssüflər olsun ki, hələ söhbət gedə bilməz. Bu, çox da real bir məsələ deyil. Çünki Rusiyanın burada faktiki şəkildə ərazi iddiaları var və Kreml özünə Ukrayna tərəfindən çox böyük güzəştlər tələb edir. Moskva tutduğu əraziləri əlində saxlamaq, eyni zamanda Kiyevin bitərəfliyinə nail olmaq şərti ilə münaqişəni saxlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Faktiki olaraq, bu, Ukraynanın ərazi bütövlüyünün ümumilikdə pozulması və ölkənin suverenliyinə müdaxilədir. ABŞ, Ukraynanın Qərbdəki digər müttəfiqləri, həmçinin Kiyevin özündəkilər də bu şəkildə razılaşmanı qəbul edə bilməzlər. Trampın verdiyi açıqlamalar şübhəsiz ki, hələlik Ukraynaya “narhat olmayın” mesajının verilməsidir”.
Siyasi şərhçinin qənaətincə, əgər sülh müqaviləsinin imzalanması üçün münaqişənin tamamilə bitməsinə çalışacaqlarsa, o zaman Rusiyaya böyük sayda cəsəd getməlidir: “Bu günün reallıqları məhz bunu deyir ki, Rusiya-Ukrayna münaqişəsinin bitməsi üçün Moskvaya güzəştlər edilməlidir. Heç bir güzəştsiz bu münaqişənin dayandırılması indiki halda real deyil. Çox böyük ehtimalla, Vaşinqton müxtəlif məsələlərdə çalışacaq ki, Kreml ilə “siyasi bazarlıq” etsin və əlini gücləndirsin. Əgər bu “siyasi bazarlıq” baş tutarsa, yalnız bundan sonra biz Rusiya-Ukrayna cəbhəsində də müəyyən mənada danışıqların getməsinin şahidi ola bilərik. Ancaq münaqişə böyük ehtimalla dayandırılacaq. Çünki artıq hər iki tərəfdə buna hazırlıq gedir. Hələlik aktiv fazanın dayandırılması ilk addımdır. Sülh müqaviləsi imzalanaraq müharibənin bitməsini gözləmək hələ tezdir. Böyük ehtimalla sadəcə atəşkəs müqaviləsi imzalanaraq müharibə dayandırılacaq. Gərginliklər zaman-zaman tərəflərin arasında davam edəcək”.
Nailə QASIMOVA