AZ

Mentalitet, yoxsa “geridəqalmışlıq”? Ənənələrin gücü və dəyişən zamanın çağırışları

Hər bir xalqın əsrlər boyu formalaşmış adət-ənənələri, düşüncə tərzi və dəyərlər sistemi var. Bu dəyərlər sistemi mentalitet adlanır və bir çox hallarda xalqın kimliyini qoruyub saxlayan ən mühüm amil kimi qəbul edilir. Lakin zaman dəyişdikcə, qloballaşma prosesi sürətləndikcə, bəzi ənənələr öz aktuallığını itirir. Bir çox insan isə bu köhnəlmiş düşüncə tərzini "mentalitet" adı altında qorumağa çalışır. Bəs biz nəyə sadiq qalmalıyıq - milli kimliyimizə, yoxsa dövrün tələblərinə uyğunlaşmağa?

Ənənələr qoruyucudur, yoxsa əngəl?

Mentalitetin əsas funksiyası cəmiyyətdə müəyyən qaydaları formalaşdırmaqdır. Bu qaydalar bir vaxtlar insanlar üçün vacib olan həyat prinsiplərini müəyyən edirdi. Məsələn, ailə dəyərləri, qonaqpərvərlik, yaşlılara hörmət kimi prinsiplər Azərbaycan xalqının mənəvi sərvəti sayılır. Lakin bəzi "dəyərlər" var ki, onları yalnız geridəqalmışlıq nümunəsi kimi dəyərləndirmək olar.

Bəzi ailələrdə qızların təhsilinin önəmsiz hesab edilməsi, qadınların işləməsinin qeyri-etik sayılması və ya gənclərin şəxsi seçimlərinə müdaxilə edilməsi kimi hallar mentalitet adı altında əsaslandırılır. Əslində isə bu düşüncələr artıq müasir dövrün tələblərinə cavab vermir. İnkişaf etmək istəyən cəmiyyətlər bu cür stereotiplərdən qurtulmalıdır.

Geridəqalmışlıq təfəkkürü insanları dəyişiklikdən qorxmağa vadar edir. Bu düşüncə tərzində yeniliklər təhlükə kimi qəbul edilir, mövcud qaydaların dəyişməsi isə əxlaq və mənəviyyatın pozulması kimi qiymətləndirilir. Halbuki hər bir cəmiyyətin inkişafı məhz dəyişikliklərlə mümkündür. Mədəniyyət və adət-ənənələr zamanla yenilənməlidir, əks halda, həmin cəmiyyətlər dövrün çağırışlarına cavab verə bilməyəcək.

Mentaliteti necə qorumalıyıq?

Mentalitet dedikdə, yalnız köhnə adətləri qorumaq nəzərdə tutulmamalıdır. Əksinə, mentalitet xalqın mənəvi sərvətini zənginləşdirən, onun digər xalqlardan fərqlənməsini təmin edən dəyərlərdir. Lakin bu dəyərlər inkişafla ayaqlaşmalıdır. Əgər müəyyən dəyərlər cəmiyyətin rifahına mane olursa, onlar dəyişdirilməli və müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Bugünkü dünyada milli kimliyini qorumaq üçün keçmişə köklənmək deyil, gələcəyə doğru irəliləmək lazımdır. Ənənələri müasir cəmiyyətin reallıqlarına uyğunlaşdırmaq və yeni nəsillərə bu dəyərləri müasir baxış bucağından aşılamaq vacibdir.

Orta yolu tapmaq mümkünmü?

Cəmiyyətlər üçün ən ideal yol balansın tapılmasıdır. Milli dəyərləri qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğunlaşmaq mümkündür. Təəssüf ki, bir çox hallarda insanlar yeniliklərə qarşı çıxarkən bunu "mentalitetin qorunması" kimi təqdim edir. Lakin unutmamalıyıq ki, həqiqi milli dəyərlər insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, təhsilə, qadın-kişi bərabərliyinə, fərdi seçim azadlığına önəm verməyi tələb edir.

Mentalitet cəmiyyətin kimliyini təyin edən dəyərlər toplusudur. Lakin köhnəlmiş adət və qaydaların müasir dövrdə heç bir əhəmiyyəti qalmırsa, onları qorumaq mənasızdır. Zamanın tələblərinə cavab vermək, gələcək nəsillərin həyatını daha rahat və azad etmək isə cəmiyyətin inkişafı üçün əsas şərtdir.

Milli kimliyimizi, mental dəyərlərimizi qorumalıyıq. Lakin bunu zamanla ayaqlaşaraq, dünya görüşümüzü genişləndirərək etməliyik. Əgər biz inkişaf etmək, dünya arenasında rəqabətə davamlı cəmiyyət qurmaq istəyiriksə, hər bir fərdin azad düşüncəsinə hörmət etməyi öyrənməliyik. Geridəqalmışlıq yox, irəli baxan və dəyişikliklərə açıq cəmiyyət qurmaq hər birimizin hədəfi olmalıdır.

Bir düşünək: mentalitet dediyimiz o böyük "dəyər sandığı" nədir? Sandıqda qızıl da olur, köhnə, lazımsız əşyalar da. "Qohumun qızına yox deyilməz." Bəs əgər oğlan o qızı bəyənmirsə? Niyə kiminsə şəxsi həyatı mentalitet adı ilə idarə olunmalıdır? Bu nə düşüncədir axı?

Mentalitet faydalıdırsa, həyatımıza rəng qatırsa, əlbəttə, saxlayaq. Məsələn, qonaqpərvərliyimiz, yaşlılara hörmətimiz çox gözəl dəyərdir. Amma bəzi düşüncələri dəyişməsək, geridə qalacağıq. Elə bil ki, köhnə model telefonla müasir proqramları işə salmaq istəyirsən. Düzdür, o telefon bir vaxtlar yaxşı idi, amma indi yenisini almalısan ki, işini görə biləsən. Cəmiyyət də belədir - dəyişmək lazımdır, amma dəyərləri də itirmədən.

"Belə gəlib, belə də gedəcək" adı altında illərdir davam etdiyimiz yanlışları mentalitet adlandırmışıqsa, dəyişməyə ehtiyacımız var..

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
37
olaylar.az

10Mənbələr