AZ

Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" – DEPUTAT

Ölkədə uzun müddətdir ki, müzakirə olunan mövzulardan biri də yas mərasimlərinin təşkili ilə bağlıdır.

Belə ki, son vaxtlar yas mərasimlərinin təşkili zamanı vətəndaşların maddi imkanının olmasından asılı olmayaraq yüksək səviyyədə keçirilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Yəni bəzi ailələr yas mərasimi zamanı müxtəlif sayda yemək, meyvə və şirniyyat çeşidi təqdim edir. İmkansız vətəndaşlar isə ona uyğun davranmaq məcburiyyətində qalır ki, borc vasitəsilə də olsa, yas mərasimində bahalı süfrə təqdim etməyə çalışır. 

Bu prosesin qadağan olunması barədə müxtəlif fikirlər səslənsə də, hələlik həmin vəziyyət davam edir. Hazırda ölkənin cəmi bir neçə bölgəsində artıq yas mərasimi zamanı süfrədə pendir və tərəvəz ağırlıqlı yeməklər təqdim etməklə kifayətlənirlər. 

Ancaq hələlik bütün ölkədə bu öz həllini tapmayıb. Mövcud problem, yas mərasimlərində çox sayda yeməklərin təqdim olunması prosesi nə vaxt aradan qaldırılacaq və həmin problemin həllinin qarşısını kəsən amillərdən biri də mərasim zallarının biznes sahəsinə çevrilməsidirmi?     

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”a bildirib ki, bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur və artıq bir sosial sifarişə də çevrilib:

“Bu gün insanların hamısı arzulayır ki, həmin proses bir qədər yüngülləşsin. Bunun iki yolu var. Birincisi, vətəndaşlar özləri qərar qəbul edib bunu reallaşdırırlar. Məsələn, Naxçıvanda, Şəkidə, Füzulidə və ayrı-ayrı yerlərdə vətəndaşlar özləri bunu tənzimləyir.

Bunun digər bir yolu isə qanunveriliklə bağlıdır. Bu Mərkəzi Asiya respublikalarının bəzilərində tətbiq olunur. 

Mərasim evlərinə gəldikdə isə, bu həqiqətən də bir biznes sahəsinə çevrilib. Gündən-günə bu cür yerlərin sayı artır. Həmin amilin bu və ya digər formada genişlənməsi bir adət halını alıb. Bu məsələ vətəndaşın özündən və dövlətin özündən asılıdır. Hansı daha doğrudur? 

Vətəndaşlar özləri şüurlu şəkildə buna doğru getməlidirlər. Əgər dövlət hesab etsə ki, müdaxiləyə ehtiyac var, o zaman bu addımlar atılacaq. Həmin yerlərə gedənlər məhz vətəndaşlar özləridir. Bəzən də çox böyük vəsait ayrılır. 

Bir qədər yüngülləşməyə gedilməlidir. İnsanlar da buna gedən vətəndaşları “filankəs təmtəraqla yas vermədi, zəif götürdü, yaxşı yemək vermədi, masanın üzərində hər şey yox idi” kimi məsələlərdə qınamamalıdır”.

Seçilən
11
cebheinfo.az

1Mənbələr