Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin ötən gün keçirilən iclasına Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təqdim edib. Hökumətin əsaslandırmasına görə, təsdiqləmə Ermənistan vətəndaşlarının Aİ-nin tam hüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha real edəcək, həmçinin gələcək müzakirələr üçün daha işlək mühit yaradacaq.
Yerli xəbər portalları vasitəsilə canlı yayımlanan iclasda Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Bildirilib ki, bir neçə partiya və təşkilat tərəfindən təqdim edilən qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra cari ayın sonunda parlamentdə müzakirə ediləcəyi gözlənilir.
Rəsmi İrəvanın məlum qərarından dərhal sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Ermənistan eyni zamanda həm Aİ-yə, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməz. Marqlıdır, bundan sonrakı mərhələdə nələr baş verəcək? Aİ Ermənistanı həqiqətən də öz sıralarına qəbul edəcəkmi? Ermənistan Aİİ-dən imtina edəcək, yoxsa eyni zamanda iki stulda oturmağa çalışacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Ermənistanın Aİ-yə qoşulma prosesinə start verməsi gözlənilməz və təəccüblü deyil.
Onun sözlərinə görə, bu məsələ uzun müddət idi ki, Ermənistan hakimiyyəti tərəfindən mövqe olaraq səsləndirilib: “İndi prosesə başlanılması rəsmi İrəvanın Qərbə inteqrasiyanın ölkə üçün prioritet olduğunu bəyan etməsi kimi qiymətləndirilməlidir. Bu proses nəyi isə dəyişəcəkmi? Təbii ki, yox. Çünki Avropa İttifaqı postsovet məkanından üzvlərin qəbuluna olduqca həssas yanaşır. Biz bunu indiyə qədər ittifaqa üzv üçün müraciət edən Ukraynanın, Gürcüstanın, Moldovanın timsalında görmüşük və onların hansı ağır proseslərlə üzləşdiyinə də şahidlik etmişik. Ermənistanın Aİ üzvlüyünə qəbulunu indiki mərhələdə mümkünsüz edən bir neçə faktorlar var. Birincisi, Ermənistanın zəif iqtisadiyyatıdır. Hal-hazırda iqtisadi cəhətdən onsuz da yaxşı vəziyyətdə olmayan Aİ, Ermənistan kimi zəif iqtisadiyyata malik dövləti də öz sıralarına qataraq əlavə maliyyə yükü çəkmək istəməyəcək. İkincisi, Ermənistan hələ də Azərbaycanla sülh sazişi imzalamayıb və belə bir şəraitdə bu ölkənin üzvlüyü arzuolunan deyil. Üçüncüsü, Ermənistan hələ də Qərb üçün rəqib olan Rusiyanın yaratdığı və liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə Təşkilatın (KTMT) üzvüdür”.
Y.Bağırzadə vurğulayıb ki, Ermənistanın başqa bir iqtisadi ittifaqa üzv ola-ola Aİ-yə üzvlüyü təsəvvür olunan deyil: “Mən hələ Ermənistanın əslində Qərbə qarşı yaranan hərbi ittifaqda üzvlüyünü demirəm. Bu baxımdan da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Ermənistanın eyni zamanda həm Aİ-yə, həm də Aİİ-yə üzvlüyünün mümkünsüzlüyü barədə verdiyi bəyanat tamamilə haqlı arqumentlərə söykənir. Belə ki, Ermənistan hal-hazırda da Aİİ-nin imkanlarından maksimum şəkildə faydalanır. Məlumdur ki, Aİİ-yə üzv dövlətlər ixracda gömrük və vergi rüsumlarından azaddırlar. Belə olan təqdirdə başqa bir ittifaqa üzvlük təsəvvür olunan deyil. İndiki mərhələdə Rusiya hələ ki, sanksiyaların dəlinməsində Ermənistanının imkanlarından yararlandığı üçün rəsmi İrəvana hər hansı təzyiqlər göstərmir. Amma qarşıdakı dövrdə, xüsusilə də üzvlüklə bağlı referendumun keçirilməsi zamanı Rusiyanın çox kəskin təzyiqləri gözləniləndir. Təzyiq rıçaqları isə kifayət qədərdir. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılıq səviyyəsi, istər enerji təchizatı, istər qida, istərsə də digər sahələrdə asılılıq o qədər yüksəkdir ki, bunlardan hər hansı birisinin bağlanması Ermənistanı fəlakətə sürükləyə bilər. Odur ki, Ermənistan həqiqətən də Aİ-yə üzv olmaq istəyirsə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı, yeni iqtisadi imkanlar əldə etməli, ondan sonra hansısa addımlar atmalıdır”.
Ərtürk İSMAYIL