AZ

Magistraturaya qəbulda 30 sual ixtisasa uyğun olmalıdır - TƏKLİF

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 10-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı, fevral ayında isə magistraturaya qəbulun birinci cəhdi keçiriləcək.

 

Sınaq imtahanının magistraturaya sənəd vermək istəyənlər üçün faydaları nələrdir?

 

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev AzEdu.az-a müsahibəsində bildirib ki, sınaq imtahanı magistraturaya hazırlaşan şəxslər üçün çox əlverişlidir:

153084

“Bütün qəbul imtahanları prosesində sınaq imtahanlarının keçirilməsi mütləq vacibdir. Tələbə sınaq imtahanlarında iştirak edərək öz nəticəsini müəyyənləşdirə bilər və əskiklərini tamamlayaraq qəbul imtahanına tam hazır vəziyyətdə girə bilər. Dövlət İmtahan Mərkəzinin bu sahədə atdığı addım ictimaiyyət tərəfindən müsbət qarşılanır.

 

Lakin magistraturaya qəbul imtahanında bir sıra problemlər mövcuddur. Bu problemlərin ən böyüyü sualların formatı ilə bağlıdır. 50 sual məntiqi təfəkkür, 25 sual informatika, 20 sual xarici dil və 5 ballıq esse üzrə verilir. Magistraturaya qəbulun 75%-i riyaziyyat və informatika ilə bağlı suallardan ibarətdir. Humanitar ixtisaslar üzrə bakalavr məzunları magistraturaya qəbul imtahanlarında mütləq olaraq riyaziyyat və informatika suallarının 75%-inə cavab verməlidirlər.

 

Danılmaz bir faktdır ki, ixtisas qrupu seçimində abituriyentlərin fənlərə olan maraqları nəzərə alınaraq onları müvafiq sahəyə yönəldirlər. Filologiya, tarix, coğrafiya və digər humanitar ixtisaslarda təhsil alan tələbələrin dəqiq fənlərdə çətinlikləri olduğu halda, niyə magistraturada 75%-i riyaziyyat və informatika ilə bağlı suallarla qarşılaşmalıdırlar? Niyə hər bir ixtisas üzrə uyğun suallar tərtib olunmur?".

 

"Magistraturaya qəbula Azərbaycan dilindən suallar əlavə edilsin", – deyə R.Nurəliyev vurğulayır:

 

“Beynəlxalq təcrübədə məntiqi təfəkkür və informatika ilə bağlı sualların beynəlxalq imtahanlarda olduğunu görürük. Ancaq imtahanın böyük bir hissəsinin riyaziyyat suallarından ibarət olması, humanitar ixtisaslarda təhsil alan tələbələrə çətinliklər yaradır. Bu tələbələr riyaziyyat və informatika suallarını cavablandırmaqda çətinlik çəkir, nəticədə riyaziyyat və informatika ixtisaslarından məzun olan tələbələrdən daha aşağı bal toplayır və ya qəbul ola bilmirlər. Bu, obyektivliyi və tarazlığı pozur.

 

Tələbənin əgər riyaziyyatla yanaşı dil biliyi də zəifdirsə, o zaman magistraturaya qəbul ola bilmir. Məsələn, tarix üzrə bakalavr öz ixtisasını yaxşı bilir, amma magistraturada uğur qazana bilmir və nəticədə öz ixtisasını davam etdirə bilmir.

 

Mənim təklifim budur ki, magistraturaya qəbulda məntiqi təfəkkürə yoxlama sualları azaldılsın, informatika suallarının sayı 25 deyil, 15 olmalıdır. Bunun əvəzinə, 30 sual tələbənin öz ixtisasına uyğun olaraq əlavə edilsin. Bu qayda əvvəllər mövcud idi və daha effektiv nəticə verə bilərdi. Çünki humanitar ixtisasların sayı çoxdur və bu dəyişiklik həmin ixtisas məzunlarına fayda verə bilər.

 

Bəzi mülahizələrə görə, tələbə magistratura imtahanına suallar ətrafında hazırlıq edərək daxil olmalıdır. Lakin, riyaziyyatla bağlı biliyi zəif olan tələbə necə hazırlansın? Riyaziyyatı yaxşı bilsəydi, riyaziyyat ixtisasında bakalavr təhsili alardı.

 

Magistraturaya qəbul imtahanı 100 ballıq şkala ilə hesablanır. İqtisadiyyat, riyaziyyat və informatika ixtisaslarından məzun olan tələbələrin magistraturaya qəbul imtahanı nəticələri hər zaman yüksək olur, amma digər ixtisaslardan olanlar daha aşağı ballar toplayır. Bu da keçid ballarında açıq şəkildə görünür.

 

Humanitar ixtisaslara kömək etmək məqsədilə, imtahana Azərbaycan dilini əlavə etmək mümkündür. Xarici dilin imtahanda yer alması, amma ana dilinin olmaması düzgün hesab edilə bilməz. Beynəlxalq dili öyrənmək vacib olsa da, Azərbaycan dilini əlavə etmək də önəmlidir.

 

Beynəlxalq dil hər kəsin bilməli olduğu bir dildir, amma Azərbaycan dilindən 15 sual əlavə edilməsi məntiqli ola bilər. Alternativ olaraq, 30 sual ixtisaslara uyğun əlavə edilə bilər. Bu halda 100 ballıq sistemə daxil edilmiş 100 sual, riyaziyyatla güclü olanlardan başqa, humanitar ixtisaslar və digər sahələrin məzunları üçün də daha uyğun olardı.

 

Azərbaycan dilinin Dövlət qulluğu və qəbul imtahanlarında olduğu kimi, magistraturaya qəbul imtahanında da yer alması vacibdir. Hər bir sahə üçün Azərbaycan dili lazımlıdır, çünki bu dildə yüksək bilik səviyyəsi tələb olunur. Magistratura akademik bir pillə olduğu üçün, həmin sahədəki tələbələr təhsillərini davam etdirərək universitetlərdə dərs keçirlər və dil biliyi yüksək olmalıdır ki, öz biliklərini rahat şəkildə tələbələrə çatdıra bilsinlər".

Seçilən
26
azedu.az

1Mənbələr