AZ

Paşinyandan sülh şərtləri Azərbaycan üçün qəbul olunandır?

Dünən Ermənistanın baş naziri sosial şəbəkədə Azərbaycanla sülh sazişini imzalamaq üçün şərtlərini açıqlayıb...

Politoloq: “Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri Azərbaycanla tələb dilində danışa bilməz”.

“Azərbaycan həm qalib hüquqda, həm də beynəlxalq hüququn tərəfi kimi müvafiq tələbləri Ermənistan tərəfinin diqqətinə çatdırıb”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın baş nazirinin sülh şərtlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə Azərbaycanla sülh sazişini imzalamaq üçün şərtlərini açıqlayıb.

Bu şərtləri necə dəyərləndirmək olar və Paşinyanın şərtləri bu və ya digər şəkildə qəbul olunandır?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Zənn edirəm ki, Azərbaycanın şərtlərini yerinə yetirməmək üçün geosiyasi qarşıdurma ilə ümumilikdə, regiondakı təhlükəsizlik arxitekturasını, sabitliyi Ermənistan pozmaq niyyətindədir”.

Azərbaycanın tələblərinin yerinə yetirilməsi barədə Ermənistanın düşünməli olduğunu qeyd edən politoloq təəssüflə Poliqon-a bildirib ki, biz əks mənzərəni görürük:

“Xatırladım ki, Nikol Paşinyan Vətən müharibəsindən öncəki dövrdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh təklifi ilə çıxış etmişdi. Bu təkliflər mahiyyət etibarı ilə tələblərə bənzəyirdi və Paşinyan şərt qoyurdu. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri Azərbaycanla tələb dilində danışa bilməz. Paşinyan heç bir tələb irəli sürmək iqtidarında deyil.

Azərbaycan həm qalib hüquqda, həm də beynəlxalq hüququn tərəfi kimi müvafiq tələbləri Ermənistan tərəfinin diqqətinə çatdırıb. Bu Ermənistan konstitutsiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Digər tərəfdən sülh müqaviləsinin 17 maddəsinin 15 maddəsi razılaşdırılıb, açıq qalan 2 maddə də razılaşdırılmalıdır.

İlyas Hüseynov: “Ermənistan Avropa İttifaqına üzvlük haqqında düşüncələrini bölüşür və bunu parlament müstəvisindən hökümət müstəvisinə daşıyıb”.

Hesab edirəm ki, şərtlər obyektivdir. Ermənistanın yaranan şəraitdə hər hansısa şərtlər irəli sürməsi absurddur, məntiqdən də kənardır. Yaxşı olardı ki, Azərbaycanın tələblərinin yerinə yetirilməsi barədə Ermənistan düşünsün. Təəssüflər olsun ki, biz əks mənzərəni görürük.

Ermənistan Avropa İttifaqına üzvlük haqqında düşüncələrini bölüşür və bunu parlament müstəvisindən hökümət müstəvisinə daşıyıb. Bu proses də referendumla nəticələnəcək. Bu da geopolitik qarşıdurmalara səbəb olur.

Zənn edirəm ki, Azərbaycanın şərtlərini yerinə yetirməmək üçün geosiyasi qarşıdurma ilə ümumilikdə, regiondakı təhlükəsizlik arxitekturasını, sabitliyi Ermənistan pozmaq niyyətindədir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr