AZ

Nuno Espirito Santo dekabr ayının ən yaxşı məşqçisidir!

“Nottingem Forest”in baş məşqçisi Nuno Espirito Santo dekabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az məlumat verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

“Nottingem Forest” Nuno Espirito Santonun rəhbərliyi altında dekabr ayında keçirdiyi 6 oyunda 5 qələbə qazanıb, yalnız bir oyunda məğlubiyyətə üzülüb. Belə ki, “meşəçilər” səfərdə “Mançester Yunayted”ə (3:2), “Brentford”a (2:0), və “Everton”a (2:0) qalib gəliblər. Bu komanda doğma meydanda da “Tottenhem” (1:0) və “Aston Villa”nı (2:1) üstələyib. “Mançester Siti” ilə səfər oyunu isə ağır məğlubiyyətlə yekunlaşıb – 0:3.

“Nottingem Forest” İngiltərə Premyer Liqasının 20 turundan sonra 40 xalla yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Nuno Espirito Santo karyerasında 6-cı dəfə İngiltərə Premyer Liqasında ayın ən yaxşısı adını qazanır. O, cari mövsümün oktyabr ayında da oxşar uğura imza atmışdı. Portuqal mütəxəssis əvvəlki mükafatlarını isə “Vulverhempton” (2018-in sentyabrı, 2020-nin iyunu və 2020-nin oktyabrı) və “Tottenhem”lə (2021, avqust) qazanıb.

Premyer Liqanın cari mövsümündə Fabian Hürseler (“Brayton”) avqustun, Entso Mareska (“Çelsi”) sentyabrın, Arne Slot (“Liverpul”) isə noyabrın ən yaxşısı elan edilmişdi.

Xatırladaq ki, Nuno Espirito Santo məşqçilik fəaliyyətinə 2012-ci ildə “Rio Ave” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “Valensiya” (2014/2015), “Portu” (2016/2017), “Vulverhempton” (2017-2021), “Tottenhem” (2021) və “Əl-İttihad”ı (2022/2023) çalışdırıb.

Santo “Nottingem Forest”in sükanı arxasında 2023-cü ilin dekabr ayından fəaliyyətdədir. “Meşəçilər” 50 yaşlı portuqal mütəxəssisin rəhbərliyi altında 45 oyuna çıxıblar. Komanda bu oyunlarda 18 qələbə, 10 heç-heçə, 17 məğlubiyyət yaşayıb. Top fərqi isə 72:70 nisbətindədir.

Seçilən
30
arena.az

1Mənbələr