“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın “Napoli”nin gürcü hücumusu Xviça Kvaratsxeliyaya marağı ilə bağlı şayiələri cavablayıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq mövzu ilə bağlı cavabını təqdim edir:
“Mən yalnız onu deyə bilərəm ki, hələ yanvar ayıdır. Düşünürəm ki, mən hələ “Vest Hem”lə oyunundan sonra demişdim: “Bizi məyus etməyin, maraqlandığımızı dediyiniz bütün oyunçuları götürün və onları harasa başqa yerə göndərin”. 10 hadisədən 9-da bütün bu xəbərlərdə zərrə qədər də həqiqət yoxdur. Bəs buna nə deyə bilərəm? Şayiələrdir, yayılırlar. Amma siz məndən heç bir şərh eşitməyəcəksiniz”, deyə Arne Slot vurğulayıb.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyul ayından “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.