"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a verdiyi açıqlamasında uşaqların təhsilə cəlb olunmasında qarşıya çıxan əsas problemləri və onların həlli yollarını vurğulayıb. O, erkən yaşlardan müxtəlif qurumlarla əməkdaşlıq qurulmasının vacibliyini qeyd edib.
Kəmalə Aşumova bildirib ki, bəzi hallarda uşaqların şəxsiyyət vəsiqəsinin, sənədlərinin olmaması və ailə şəraitinin qeyri-sabitliyi onların təhsil sistemində qeydiyyata düşməsini çətinləşdirir:
"Bəzən uşaqlar səkkiz, doqquz, on yaşına çatır, amma sənədləri yoxdur, sistemə daxil ola bilmirlər. Biz elektron təhsil sistemləri yaradırıq, amma valideynlər bu sistemlərdən nə qədər yararlana bilirlər? Elektron platformaların əlçatanlığını artırmaq, valideynlərə məlumat vermək və sistemdə mövcud maneələri aradan qaldırmaq vacibdir. Şəxsiyyət vəsiqəsi və ya digər vacib sənədlərin olmaması uşaqların təhsil hüququna ciddi təsir edir."
O əlavə edib ki, belə hallarda müvafiq qurumlarla əməkdaşlıq edilərək, uşaqların müvəqqəti yerləşdirilməsi və sənədləşmə prosesinin həlli istiqamətində addımlar atılır. Problemli ailələr və uşaqlarla iş aparıldığını vurğulayan Kəmalə Aşumova təhsil sistemində daha geniş islahatların və dəstəyin vacibliyini önə çəkib.
Pərvanə Fərhadqızı