Dəməşqdəki Əməvilər məscidində cümə namazı zamanı izdiham yaşanıb. “Sky News Arabia” xəbər verir ki, azı üç nəfər ölüb.
Uşaqlar da daxil olmaqla daha 5 nəfər sınıq və digər xəsarətlər alıb.
Qəza məscidin giriş qapısında baş verib. Ağır yaralananlar xəstəxanaya çatdırılıb. Sosial şəbəkələrdə yayılan videolarda bir neçə nəfərin hərəkətsiz yatdığı görünür. Yaralılar insanların qucağında aparılır. Kürd fəal Dilşad Xələf sosial media X hesabında yazıb ki, məsciddə izdihamın yaranmasına səbəb namaz zamanı pulsuz yemək paylanmasından bəhs edən TikTok videosu olub.
X sosial şəbəkəsinin istifadəçilərindən biri iddia edir ki, qida paylanması barədə videobloqer və Türkiyədəki restoranlar şəbəkəsinin sahibi Əbu Ömər məlumat verib.
Qeyd edək ki, Əməvi məscidi Suriyadakı ən böyük və dünyanın ən qədim məscidlərindən biridir.
//Samir Qurbanov, Editor.az