AZ

Erlinq Haland ardıcıl beşinci dəfə Norveçdə ilin futbolçusu seçildi

“Mançester Siti”nin 24 yaşlı mərkəz hücumçusu Erlinq Haland 2024-cü ildə Norveçin ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə Norveç Futbol Federasiyasının (NFF) rəsmi saytına istinadən məlumat verir.

Halanddan əvvəl Norveçdə ilin ən yaxşı futbolçusu adına layiq görülmüş sonuncu oyunçu hazırda “Arsenal”da çıxış edən yarımmüdafiəçi Martin Edeqordur (2019-cu il).

Beləliklə, Haland ölkəsində ilin ən yaxşısı adına ardıcıl 5-ci dəfə layiq görülüb.

2024-cü ildə Haland 38 qolla Norveç yığmasının tarixən ən sərrast qolçusu adına sahib olub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 21 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 126 oyun, 111 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Seçilən
14
arena.az

1Mənbələr