Rusiya Müdafiə Nazirliyi ötən həftə Amerika istehsalı olan 8 ATACMS raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirlikdən verilən bəyanatda, Rusiya ordusunun 4-10 yanvar tarixləri arasında həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat verilib.
Məlumata görə, bu dövr ərzində Ukraynadakı hərbi hava limanları, pilotsuz uçuş aparatı (PUA) istehsal mərkəzləri və sursat anbarları hədəf alınıb. Luqansk və Donetsk vilayətlərində bir sıra yaşayış məntəqələri ələ keçirilib, həmçinin 91 ukraynalı əsgər əsir götürülüb.
Müharibənin başladığı 2022-ci ilin fevral ayından indiyə qədər, Ukrayna ordusuna məxsus 652 təyyarə, 283 helikopter, 39.896 PUA, 590 hava hücumundan müdafiə sistemi, 20.467 tank və zirehli texnika, 1.507 reaktiv yaylım atəşi sistemi, 20.383 minaatan, 30.135 xüsusi hərbi maşın məhv edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, Ukrayna ordusu 2024-cü ilin avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətində 50.600 əsgər, 296 tank, 222 piyada döyüş maşını və 1.520 zirehli texnika itirib.