Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bildirib ki, bu il Sudanda beş yaşdan kiçik 3,2 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir. Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik açıqlama verib.
Stefan Dujarrik, Sudanda çox sayda uşağın yurd-yuvasından didərgin düşdüyünü və qarşıdurma səbəbindən 5 milyon uşağın evlərini tərk etdiyini qeyd edib. O, UNICEF-in bu il Sudanda 5 yaşından kiçik 3,2 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.
Stefan Dujarrik, bəzi anaların sığınacaq və yemək tapmaq üçün 20 gün piyada yeridiyini və ailələrin zorakılığın ən ağır yükünü daşımaq məcburiyyətində qaldıqlarını vurğulayıb. O, həmçinin qida və əsas xidmətlərə çıxışın qarşısındakı məneələrin daha çox insanın ölümünə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, 2023-cü ilin aprelin 15-dən etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar davam edir. Bu müharibəni sona çatdırmaq üçün göstərilən səylər nəticəsiz qalıb. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 20 mindən çox insan həlak olub. Müharibə başlayandan bəri ölkəni tərk edənlərin sayı 3 milyonu ötüb, 9 milyona yaxın insan isə məcburi köçkün vəziyyətinə düşüb. Hazırda 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.