ABŞ-nin Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketi bazarın çökməsinə səbəb olmayacaq. Lakin bir qədər “tərləmək” lazım gələcək.
Bu fikri Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik Rusiya mediasına açıqlamasında deyib.
Belik qeyd edib ki, istənilən sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vurur və bunu istisna etmək olmaz.
“Lakin biz artıq sanksiyalardan yan keçidlə bağlı sxemləri və lazımi tərəfdaşlıqlar qurmuşuq. Ona görə də bazar dağılmayacaq. Hərçənd biz yeni sxemlər qurmaq üçün “tər tökməli” olacağıq”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Rusiya son üç ildə proseslərdən dərs alıb və bu da ondan ibarətdir ki, Qərb ölkələri ilə heç bir tərəfdaşlıq ola bilməz. Onlarla yalnız qeyri-sabit iqtisadi əlaqələr ola bilər.
Yanvarın 10-da ABŞ Rusiyanın enerji sektoruna qarşı ən geniş sanksiyaları tətbiq edib. Məhdudiyyətlər Rusiyadan karbohidrogenlərin daşınması ilə məşğul olan 100-dən çox gəmiyə, həmçinin "Sovcomflot" və "Qazprom Neft"lə əlaqəli gəmilərə şamil edilib.
Qeyd edək ki, sanksiyalar Rusiyaya 2022-ci Ukraynaya qoşun yeridəndən sonra tətbiq olunmağa başlayıb. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə isə həmin ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural