İspaniyanın “Betis” klubunun sağ vingeri, əslən Seneqaldan olan ispaniyalı Assane Diao bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Komo” bu transferi 12 milyon avroya rəsmiləşdirib. 19 yaşlı vingerlə müddəti 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Assane Diao futbola “Kadis”də başlasa da, “Betis”in yetirməsi hesab olunur. O, bu klubun əsas komandasında 47 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
Diao İspaniyanın U-18, U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
“Komo” Belçikanın “Antverpen” klubunun qapıçısı Jan Buteni də transfer edib. 29 yaşlı qolkiperin transferi İtaliya klubuna 2 milyon avroya başa gəlib. Fransalı qapıçı ilə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Jan Bute Fransanın “Lill” klubunun yetirməsidir. O, Belçikada “Muskron”un da formasını geyinib. 2020-ci ilin iyulundan “Antverpen”də olan fransız qolkiper bu komandanın heyətində 170 oyuna çıxıb, 189 qol buraxıb, 63 matçda qapısını toxunulmaz saxlayıb.
“Komo” italiyalı hücumçusu Alberto Çerrini də “Salernitana”ya icarə verib. 28 yaşlı forvard bu mövsümün sonunadək aşağı liqa klubunda çıxış edəcək. Çerrinin “Komo” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.
Çerri “Parma”nın yetirməsidir. O, “Virtus Entella”, “Yuventus”, “Kalyari”, SPAL, “Peskara”, “Peruca”, “Empoli” kimi klublarda da forma geyinib. 2021-ci ildən “Komo”da olan Alberto bu komandanın heyətində 73 oyun keçirib, 20 qol və 9 məhsuldar ötürmə müəllifi olub. O, İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da çıxış edib.