Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının çağırışı ilə 4 il 5 aylıq fasilədən sonra İmralı adasındakı həbsxanada PKK terror təşkilatının lideri Abdulla Öcalanla görüşən Xalqların Bərabərlik və Demokratiyası Partiyasının (DEM) nümayəndə heyəti təmasları davam etdirir.
“Cebheinfo.az” xəbər verir ki, Sırrı Süreyya Öndər, Pervin Buldan və Ahmet Türkdən ibarət nümayəndə heyəti bu gün Ədirnə Həbsxanasında saxlanılan keçmiş HDP sədri Səlahəddin Dəmirtaşla görüşəcək. Görüşün saat 13:00-da baş tutması planlaşdırılır.
Xatırladaq ki, 2016-cı ildən həbsdə olan Dəmirtaş 6-8 oktyabr 2014-cü il tarixlərində baş verən küçə etirazları ilə bağlı işdə 42 il həbs cəzası alıb. DEM Partiyasının nümayəndə heyəti yanvarın 12-də Kocaelidəki “Kandıra F” həbsxanasında saxlanılan Figen Yüksekdağla görüşəcək. Görüşün saat 13:00-da baş tutması da planlaşdırılır.
Həmçinin təmaslarını başa vurduqdan sonra DEM Partiyasının nümayəndə heyətinin İmralıya ikinci səfəri də gözlənilir.