AZ

"Bizə dedilər ki, təmizsiz, gedin futbolunuzu oynayın" - "Mingəçevir"in danışılmış oyun gizlinləri

“Mingəçevir”də artıq yeni dövr başlayır.

Bəlli olduğu kimi, uzun müddətdi davam edən sponsorsuzluq dövrünü başa vuran klub Adnan Əhmədzadənin sahibi olduğu ASTA (Azerbaijan Sport Talents Academy) şirkətinin himayəsinə keçir. Tezliklə yeni sponsor şəhər ictimaiyyətinə və komandaya təqdim olunacaq. Ancaq “Mingəçevir”in problemləri təkcə elə sponsorsuzluqla bağlı olsaydı, nə var idi ki!

Oyun alveri ilə bağlı söhbətlər klubun başının üzərini alıb.
“Nur şəhəri”nin qaranlıq günlərinə toxunacağıq. Bir daha xatırladırıq ki, ötən ilin son günlərində klubun 8 oyunçusu - Mövlan Kərimov, Xəyal Muradov, Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov, Elnur Mirzəyev və Elmin Bayramov Baş Prokurorluğa çağrılmışdı. Artıq əsas günahkarlar bəlli olub. Telefonları yığılıb bayram günlərində evə buraxılan futbolçular yanvarın ilk günlərində yenidən dindirildi. Araşdırma yanvarın 9-da müəyyən nəticə verib.

Məlum olub ki, danışılmış oyunlarda iştirak edən əsas fiqurlar Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyevdi. Amma prosesin tam yekunlaşdığını da demək olmaz. Baş məşqçi Ədəhim Niftəliyevin yola salınmasında bu üç şəxsin müstəsna xidməti olub. Niftəliyev əvvəlki açıqlamalarında oyunçu azlığından şikayətlənir, uğursuz nəticələrə görə səbəb deyə, daha doğrusu, tapa bilmirdi.

Amma “Mingəçevir”də klubdaxili problemlər mövsümün əvvəlindən baş qaldırıb. Sponsorun yolunu gözləyə-gözləyə Niftəliyevin başını aldadan klub rəhbərliyi balansı pozub. Baş məşqçi dəfələrlə oyunçu azlığından şikayətlənsə də, ona gözləmək tapşırılıb. 14 futbolçusu olan klub 17 nəfərlik işçi heyətinə malik imiş.

Saxlanılan 8 nəfərdən biri - müdafiəçi Elnur Mirzəyev ilə əlaqə saxladıq, başverənləri onun dilindən eşitmək qərarına gəldik:

“Məni də danışılmış oyunlarla bağlı sorğu-suala çağırdılar. Ki, mənim də iştirakım, yaxud məlumatım olubmu. Bildirdim ki, heç nədən xəbərim olmayıb. O üç nəfərlə ayrı danışdılar, bizimlə ayrı. 10-15 gün araşdırma getdi. Necə ifadə vermişdim, elə də çıxdı. Bizə də dedilər ki, təmizsiz, gedin futbolunuzu oynayın. Futbolda səhvlər qaçılmazdı, amma belə şeyi ağlıma gətirməzdim. Bizi ora çağırana, o sualları verənə qədər mənim xəbərim olmayıb. Məlum olub ki, iş o 3 nəfərlikdi, qalan 5 nəfəri də sərbəst buraxdılar. Sabiq baş məşqçimiz Ədəhim müəllimlə heç birimizin problemi olmayıb. Düşünmürəm də ki, qərəzli seçim edib. Yəni futbolçuların performansına baxıb şans verirdi. Maliyyə problemləri ötən mövsüm də olub. Lakin komandamız mövsümü 6-cı yerdə bitirmişdi. Bu mövsüm nələrsə tərs gedirdi. Bunun da səbəbi danışılmış oyunlarda iştirak imiş. Əlbəttə, bundan sonra hər şey düzələcək. Bu şeyləri görəndən sonra da insan dəyişir, hər şeyi dərk edirsən. Komandanı yığdılar dedilər ki, sponsor da gələcək, hər şey yaxşı olacaq. Bu məsələyə görə gözləyirəm. Hər şey normallaşandan sonra təklifləri dəyərləndirməyi düşünürəm”.

RÖYANƏ OĞUZ
Seçilən
9
football-plus.az

1Mənbələr