Fələstinin Kommunikasiya Nazirliyi, enerji resurslarının tükənməsi səbəbindən Qəzza zolağında rabitə xidmətlərinin verilişində fasilələrin yaranacağı barədə xəbərdarlıq edib. Bu barədə Fələstinin kommunikasiya naziri Abdurezzak al-Netşe məlumat verib. O, enerji resurslarının tükənməsi nəticəsində internet və rabitə xidmətlərində fasilələrin yaranacağını bildirib. Abdurezzak al-Netşe böhran davam edərsə həm sabit, həm də mobil xətlərdə fasilələrin olacağını qeyd edib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq 2023-cü il oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 828 İsrail əsgərinin həlak olduğunu bildirib.
Qəzzadakı hökumətin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 17841-i uşaq və 12 298-i də qadın olmaqla 46 006 fələstinli öldürülüb, 109 378 adam da yaralanıb.
Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 837 fələstinli həyatını itirib.