AZ

Kamran Əsədov: "Kitabxanalardan istifadənin artırılması üçün ciddi islahatlar aparılmalıdır!"

"Kitabxanalar cəmiyyətin intellektual, mədəni və sosial inkişafında mühüm rol oynayan qurumlardır. Onlar bilik mənbəyi olmaqla yanaşı, həm də fərdlərin tədqiqat, təhlil və yaradıcı düşüncə qabiliyyətlərini inkişaf etdirən bir mühit yaradır. Ancaq müasir dövrdə rəqəmsal texnologiyaların və sosial medianın sürətlə inkişafı səbəbindən kitabxanalara maraq azalmış, gənclərin bu dəyərli resurslardan istifadəsi məhdudlaşmışdır. Bu vəziyyət həm təhsil, həm də mədəni inkişaf baxımından ciddi nəticələr doğura bilər".Bu barədə TehsilForumu.Az-a açıqlama verən Təhsil eksperti Kamran Əsədov məlumat verib. Azərbaycanın Təhsil haqqında Qanunu və Dövlət Təhsil Strategiyasının kitabxanalardan istifadəni təşviq etdiyini xatırladan ekspertdə, müasir təhsil kurikulumunun da şagirdlərin müstəqil öyrənmə və tədqiqat qabiliyyətlərini inkişaf etdirmək məqsədi güddüyünü bildirib. Kitabxanalar bu məqsədə çatmaq üçün ideal mühit təqdim etsə də, onların daha geniş istifadə olunması üçün infrastruktur və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir.Azərbaycanda kitabxanaların istifadəsinin son illərdə azaldığına diqqət çəkən Kamran Əsədov, bu problemlərin əsas səbəblərini kitabxanaların köhnəlmiş fondları və məhdud texnoloji imkanlarla əlaqələndirir. O, inkişaf etmiş ölkələrdə kitabxanaların müasir standartlara uyğun yenidən qurularaq rəqəmsal mənbələr, multimedia və interaktiv fəaliyyətlər təqdim etdiyini misal çəkib. Finlandiyada Helsinki Mərkəzi Kitabxanasının yalnız oxu zalı deyil, həm də yaradıcılıq və tədris mərkəzlərinə çevrildiyini bildirib.Əsədov, Azərbaycanda kitabxanaların müasir texnologiyalarla təmin edilməsi, elektron kitabxanaların yaradılması və maarifləndirmə kampaniyalarının keçirilməsinin zəruriliyini vurğulayıb. O, şagirdlərin kitabxanalara marağını artırmaq üçün innovativ yanaşmaların tətbiq edilməsini təklif edib, kitabxanalarda interaktiv tədbirlər, rəqəmsal oyunlar və müəlliflərlə görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.Ekspert, kitabxanaların təhsil sistemi ilə daha sıx inteqrasiyasının şagirdlərin akademik nəticələrinə müsbət təsir göstərəcəyini və gələcək karyera imkanlarını artıracağını bildirib. O, həmçinin, məktəblərdə kitabxanalardan istifadənin tədris prosesinə daxil edilməsi ilə bağlı təkliflər irəli sürüb.Kamran Əsədovun fikrincə, kitabxanaların müasir dövrün tələblərinə uyğun yenidən qurulması və təhsil sisteminə inteqrasiyası bütün cəmiyyət üçün faydalı olacaq, uzunmüddətli perspektivdə mədəni və intellektual inkişafın əsasını təşkil edəcək.TehsilForumu.Az

Seçilən
23
tehsilforumu.az

1Mənbələr