AZ

Devid Moyes yenidən “Everton”da - Rəsmi

Şotlandiyalı futbol mütəxəssisi Devid Moyes İngiltərənin “Everton” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Biz, “Everton”un tarixindəki bu mühüm məqamda Devidin bizə qoşulmasından şadıq. Klubda on ildən çox təcrübəsi olan o, “Qudison Park”dakı son mövsümümüzdə və yeni stadionumuzda bizə rəhbərlik edəcək düzgün liderdir. “Everton” üçün yeni eranın əsasını qoymaq məqsədilə Davidlə işləməyin intizarındayıq”, – “Everton”un rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, 61 yaşlı mütəxəssis 2002-2013-cü illərdə “Everton”un baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə şotland mütəxəssisin rəhbərliyi altında “Everton” bütün yarışlarda 518 oyun keçirib, 221 qələbə, 134 dəfə heç-heçə, 163 dəfə məğlubiyyət yaşayıb. “Qənnadçılar”ın top fərqi isə 745:635 nisbətindədir.

Moyesin son iş yeri 2017-2018-ci və 2019-2024-cü illərdə çalışdırdığı “Vest Hem” olub. Şotland mütəxəssis “çəkicdöyənlər”ə Avropa Konfrans Liqasını (2022/2023) qazandırıb.

Devid Moyes məşqçilik karyerası ərzində “Preston”, “Mançester Yunayted”, “Real Sosyedad”, “Sanderlend” kimi komandalara da rəhbərlik edib. Təcrübəli mütəxəssis vaxtilə “Preston”u İngiltərə 3-cü Liqasının qalibi edib, “Vest Hem”lə Avropa Konfrans Liqasını, “Mançester Yunayted”lə İngiltərə Super Kubokunu qazanb.

Qeyd edək ki, Moyes “Everton”un “sükanı arxası”nda bir neçə gün öncə postundan qovulmuş Şon Dayçı əvəz edib. Dayç 2023-cü ilin yanvar ayından “Everton”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 83 oyuna çıxarıb. “Everton” bu görüşlərdə 26 qələbə qazanıb, 24 heç-heçə edib, 33 məğlubiyyətə üzülüb.

“Everton” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda 19 oyuna cəmi 17 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. “Everton” 3 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət görüb.

Seçilən
44
arena.az

1Mənbələr