“Monako”nun baş məşqçisi Adi Hütter Fransa Liqa 1-in “Nant”la 17-ci tur səfər oyunundakı 2:2 hesablı səfər heç-heçəni şərh edib.
Arena.az “Monako”nun rəsmi saytına istinadən, avstriyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu nəticə məni qane etmədi, çünki bu axşam biz qələbə qazanmaq istəyirdik. Birinci hissədə çox astagəl oynadıq və rəqibə çox imkan verdik. İkinci qolu buraxdıqdan sonra müəyyən döyüş ruhu nümayiş etdirdik, bunu hər oyunda görmək istəyirəm. Amma ümumilikdə bu heç-heçədən razı deyiləm”, deyə Adi Hütter narazılıqla vurğulayıb.
Xatırladaq ki, knyazlıq klubu “bülbüllər”lə oyunda 0:2 hesabından geriş-dönüş edərək, 1 xalı xilas edib.
Bununla belə, “Monoko” onsuz da uzaq olduğu lider PSJ-dən daha da uzaq düşüb. 17 oyundan 31 xalla “Monako” Fransa Liqa 1-in yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Fransa Liqa 1-ə 16 oyundan 40 xalla PSJ başçılıq edir.