Məlum olduğu kimi, “Mançester Siti”nin ingilis sağ cinah müdafiəçisi Kay Uoker Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ərəb klublarının “şəhərlilər”in 34 yaşlı kapitanına müvafiq marağı haqda məlumatı cavablayıb:
“Uoker Səudiyyə Ərəbistanına köçümü? Mən bu barədə heç nə bilmirəm.
O, əvvəlki qədər çox dəqiqə oynamaya bilər. Amma Riko Lyuis, mərkəz müdafiəçiləri və Yoşko Qvardiol həqiqətən də yaxşı işləyirlər. Bu qərarı mən qəbul edirəm (Uokerin oyunlarda iştirakı ilə bağlı – redaktorun qeydi)”, deyə “Pep” fikrini əsaslandırıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, “Əl-Nəsr” başda olmaqla, Səudiyyə Ərəbistanının bir sıra klublarının Uokerlə ciddi maraqlandığı haqda məlumat yayılıb.
Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. Uokerin Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayl Uokerin “Mançester Siti”nin heəytində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Kayl Uoker hazırda kapitanı olduğu, 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis sağ cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.