"Bu tövsiyələrə riayət etmək həyat keyfiyyətini xeyli yaxşılaşdırır, təhlükəli xəstəliklər riskini azaldır..."
Alimlər yuxu ilə bağlı bir çox insanın inandığı geniş yayılmış yanlış mifləri təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nyu-York Universitetinin mütəxəssisləri sağlamlığa mənfi təsir göstərən və ömrü qısalda bilən yuxu haqqında geniş yayılmış mifləri təkzib edib. Tədqiqatçılar xəbərdarlıq edir ki, yuxu ilə bağlı bəzi vərdişlər ürək-damar xəstəlikləri, stress və xroniki yorğunluğa səbəb ola bilər. Bir çoxlarının inandığı ən zərərli yanlış fikirlər bunlardır:
1. Gün ərzində 5 saat yuxu kifayət edir
Beş saatlıq yuxunun tam istirahət üçün kifayət olduğuna dair fikir var. Lakin doktor Rebeka Robbinsin sözlərinə görə, yuxu çatışmazlığı insult və infarkt daxil olmaqla ürək-damar xəstəlikləri riskini artırır. Həkimlər sağlamlıq və uzun ömür üçün gündə 7-8 saat yatmağı tövsiyə edir.
2. Alkoqol yuxuya kömək edir
Bəziləri yatmazdan öncə bir stəkan şərab və ya viskinin daha yaxşı yuxuya səbəb olduğunu düşünür. Əslində, alkoqol yuxunun keyfiyyətini, beynin bərpası üçün vacib olan sürətli yuxu fazasını pozur. Həmçinin, alkoqol sidikqovucu təsirə malikdir və gecə oyanaraq ayaqyoluna getməyə səbəb olur.
3. Yatmazdan öncə televizora baxmaq rahatlıq gətirir
Bir çoxları yatmazdan öncə seriallara və ya xəbərlərə baxmağın rahatlıq gətirdiyini düşünür. Lakin alimlərin fikrincə, bu, xüsusilə emosional gərgin məzmun olduqda stress və yuxu pozğunluğuna gətirib çıxarır. Televizor və smartfon ekranlarının mavi işığı yuxunu tənzimləyən melatonin hormonunun istehsalını azaldır.
4. Əgət yuxuya getmək mümkün olmursa, yataqda qalmaq lazımdır
Əgər bir insan uzun müddət yata bilmirsə, bu, yatağı yuxusuzluqla əlaqələndirməyə başlayır və problem daha da pisləşir. Ekspertlər məsləhət görür ki, əgər 15 dəqiqə ərzində yuxuya gedə bilmirsinizsə, yataqdan qalxın, mühitinizi dəyişin və sakit bir işlə məşğul olun, məsələn, kitab oxuyun və ya paltarları yığın.
5. Xoruldamaq sağlamlıq üçün təhlükəli deyil
Xoruldamaq bəzən zərərsiz ola bilər, lakin bu, həm də "yuxu apnoesi" kimi təhlükəli vəziyyəti göstərə bilər. Bu pozğunluq yuxu zamanı müvəqqəti nəfəs dayanmasına səbəb olur ki, bu da hipertoniya, aritmiya, infarkt və insult riskini artırır. Əgər xoruldama müntəzəm və güclüdürsə, diaqnoz üçün həkimə müraciət etmək lazımdır.
6. Səhər zəngini təxirə salmaq faydalıdır
Zəngdən sonra "mürgüləmək" düyməsinə basmaq vərdişi fasiləli və səthi yuxuya səbəb olur, bu isə orqanizm üçün faydalı deyil. Ekspertlər zəngdən dərhal sonra qalxmağı və oyanma prosesini sürətləndirmək üçün pərdələri açmağı tövsiyə edir.
Mütəxəssislər xatırladır ki, sağlam yuxu uzunömürlülüyün, fiziki və psixi rifahın açarıdır. Elmi tövsiyələrə riayət etmək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq təhlükəli xəstəliklərin inkişaf riskini azalda bilər.