AZ

Deputat: “Həyata keçirilən dövlət proqramları iqtisadiyyatımızın dayanıqlı inkişafına təkan verir”

 “Həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr iqtisadiyyatın dayanıqlı inkişafına təkan verməkdədir”

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Ölkə başçısı  İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib. Deputatın sözlərinə görə, bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya yatırılıb ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişib:
“Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf tam təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib. Bu dövr ərzində ölkəmizdə sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Dövlət başçısının zəngin, çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də qlobal iqtisadi güc faktorudur”.
  Millət vəkili Aydın Hüseynov  qeyd edib ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika ölkəsinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib:
 “Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub.  Laçın Beynəlxalq Hava Limanı istismara verildikdən sonra Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir”.
Seçilən
26
xalq.az

1Mənbələr