AZ

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir

Ankara, 12 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkədə enerji idxalından asılılığın minimuma endirilməsi hədəflənir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar şənbə günü Sivas vilayətinin rayonlarından birinə qaz verilməsi mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2028-ci ilə qədər Türkiyədə qarşıya ən azı 20 milyon abonentin məişət qazı ilə təmin edilməsi məqsədi qoyulub.

“Bu gün ölkə əhalisinin 85 faizinin təbii qazdan istifadə imkanı var. Türkiyənin 81 vilayətinin hər birinə mavi yanacaq verilir”, - deyən Energetika Nazirliyinin rəhbəri ölkədə ümumilikdə 908 yaşayış məntəqəsinin, o cümlədən 222 sənaye zonasının qazla təmin olunduğunu bildirib.

Bayraktar, 2020-ci ilin avqustunda Qara dənizin Türkiyə sektorunda kəşf edilən ölkənin ən böyük qaz yatağı olan “Sakarya”nın ehtiyatlarına diqqət çəkib: “Bu yataqda hasilat Türkiyə sahillərindən 170 kilometr aralıda davam edir. Qaz dəniz səthindən 4-5 kilometr dərinlikdən çıxarılır. Qara dənizdə hasilat artıq bu gün bizə ən azı 3 milyon abonenti məişət qazı ilə təmin etməyə imkan verir”.

Nazir ölkədə neft hasilatının artdığını da qeyd edib. O bildirib: “Təkcə Şırnakın cənub-şərqindəki Qabar dağı bölgəsində gündəlik 71 min barel yüksək keyfiyyətə malik olan neft hasil edilir”.

Energetika Nazirliyinin rəhbəri enerji sektorunda qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına əminliyini ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
15
2
azertag.az

3Mənbələr