Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan separatçı terror təşkilatı PKK-nın özünü ləğv etməkdən başqa bir seçiminin qalmadığını bildirib.
Eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri olan prezident Ərdoğan partiyasının 8-ci Şanlıurfa konqresində çıxış edib. Terrorla mübarizəyə toxunan prezident 40 ildir terror vasitəsilə müxtəlif ssenarilərin həyata keçirildiyini vurğulayıb. O, çıxışını belə davam etdirib: "Bu çirkin oyunun artıq son istifadə tarixi keçib. Terror təşkilatları vasitəsilə bölgəmizi istismar edənlərin dövrü başa çatıb. Terroru bir silah, vasitə və alət kimi istifadə etmə dövrü tamamilə bitib. Separatçı terror təşkilatı bu torpaqlara qandan, göz yaşından, kədərdən başqa bir şey gətirmədi. Ayrı-seçkilikdən, irqçilikdən, basğıdan başqa bir şey gətirmədi. Açıq və aydın şəkildə deyim ki, terrorla heç bir yerə çatmaq mümkün deyil. Şiddətlə heç bir nəticə əldə edilə bilməz. Qan tökməklə, qətllərlə heç bir məqsədə nail olmaq olmaz. Terrorla nəticə əldə edilməyəcəyi açıq-aydın görünür. Separatçı təşkilatın özünü ləğv etməkdən başqa bir seçimi qalmayıb."
Artıq terrorun sona çatmasını, ölkənin və bölgənin üzərindən terrorun qaranlıq kölgəsinin tamamilə çəkilməsini istədiklərini bildirən Rəcəb Tayyib Ərdoğan "Birgə coğrafiyamıza gərginlik və qeyri-sabitlik yox, iqtisadi, ticarət və humanitar əməkdaşlıq damğa vursun istəyirik" ifadəsini işlədib.