DİM tibbi sığorta üçün 220 min manat xərcləyəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 1400143091) olub.
Yeniavaz.com xəbər verir ki, “Meqa Sığorta” ASC DİM əməkdaşları və onların ailə üzvləri üçün könüllü tibbi sığorta xidməti təqdim edəcək.
Bildirilir ki, DİM ümumilkdə 350 əməkdaş və 450 ailə üzvünün könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 220 min manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir nəfər üçün ödəniləcək tibbi sığorta haqqı 275 manat olacaq.
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 23 milyon manat təşkil edir. “Meqa Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.
Elnur Əli