Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir.
"Operativ Media" xəbər verir ki, bunu "Zirə" ilə yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında Qurban Qurbanov deyib.
O, Juninyonun braziliyalı olmasının "Flamenqo" seçiminə təsir etdiyini bildirib.
"İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada söhbət tam finansdan getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması “Flamenqo” seçiminə təsir edib.
Təcrübəli baş məşqçi yoxlama oyunlarında şans verdiyi Davud Mənsumov və Amin Rzayevdən də danışıb.
"Nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu komandaya bir az gec cəlb etmişik . Üç aydır ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Yaxşıdırlar. Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır".