Bu gün futbol üzrə İspaniya Super Kubokunun həlledici oyunu çərçivəsində “Barselona” və “Real” komandalarının görüşü baş tutub.
Arena.az xəbər verir ki, İspaniya nəhəngləri arasındakı qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Kral Abdulla Sports Sity” stadionunda keçirilib.
İspaniyalı FİFA referisi Xesus Xil Mansanonin idarə etdiyi qarşılaşma məhsuldar alınıb. Komandalar bütövlükdə 7 qol vurublar. Qarşılaşmada hesab beşinci dəqiqədə açılıb – “Real”ın hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib.
“Barsa”nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsi ilə cinah hücumçusu Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini qola çevirib. Üç dəqiqə sonra kataloniyalıların braziliyalı futbolçusu Rafinya Dias hesabdakı fərqi artırıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə Kataloniya klubunun müdafiəçisi Aleks Balde hesabı darmadağın həddinə çatdırıb. 48-ci dəqiqədə Rafinya dubl edib.
“Barsa”nın qapıçısı Voyçex Şesnı 57-ci dəqiqədə meydandan qovulub. Bundan yararlanan “Real” fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Rodriqo Qoes fərqlənib.
Qeyd edək ki, bu komandalar cari mövsümdə ikinci dəfə qarşılaşıblar. Oktyabrın 26-da “Barselona” İspaniya çempionatının 11-ci turunda “Real”ı 4:0 hesabı ilə məğlub etmişdi. Kataloniya təmsilçisi 28 oktyabr 2018-ci ildən ilk dəfə “Real”ın qapısından 5 top keçirib. Həmin vaxt kataloniyalılar La Liqa çərçivəsində baş tutan ev oyununda 5:1 hesabı ilə qələbə qazanmışdılar.
“Barselona” 15-ci dəfə İspaniya Super Kubokunu qazanıb. Bu komanda bu göstəriciyə görə rekordçudur. “Real” kuboku 13 dəfə qazanıb. Madrid komandası 2024-cü ildə finalda “Barselona”nı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdu.
İspaniya Super Kuboku
Final
12 yanvar
Real – Barselona 2:5
Qollar: Kilian Mbappe, 5. Rodriqo Qoes, 60 – Lamin Yamal, 22. Robert Levandovski, 36-pen. Rafinya, 39; 48. Alexandro Balde, 45+10.
Real: Tibo Kurtua, Lukas Vaskes (k), Orelyen Tçuameni, Antonio Rüdiger, Ferlan Mendi, Federiko Valverde, Eduardo Kamavinqa, Rodriqo Qoes, Cud Bellingem, Vinicius Junior, Kilian Mbappe.
Barselona: Voyçex Şesnı, Jül Kunde, Pau Kubarsi, İnyiqo Martines, Alexandro Balde, Mark Kasado, Pedri, Lamin Yamal, Qavi, Rafinya (k), Robert Levandovski.