AZ

“Rusiya üzərindən uçmayın” tövsiyyəsinə Moskvadan reaksiya

Yazını böyüt
Yazını kiçilt

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava məkanından istifadə ilə bağlı təlimatları sərtləşdirib.

Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, agentlik aviaşirkətlərə ölkənin demək olar ki, bütün Avropa hissəsini əhatə edən regionlardan uçmamağı tövsiyə edib. “Rosaviasiya” bəyan edib ki, bu tövsiyə Asiya aviaşirkətlərinin Transsibir marşrutları ilə Avropa İttifaqının hava limanlarına yerinə yetirdiyi uçuşların sayını azaltmaq cəhdidir.

EASA-nın saytında dərc edilən yenilənmiş direktivə əsasən, aviaşirkətlərə Rusiyanın hava məkanında 60-cı meridianın qərbində heç bir yüksəklikdə uçmamaq tövsiyə olunur. Bu məsləhət, Moskva, Sankt-Peterburq, Rostov-na-Don, Yekaterinburq və Samaraya uçuş məlumatı regionlarını əhatə edir.

Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq, o cümlədən EASA-nın səlahiyyətində olan üçüncü ölkə aviaşirkətlərini əhatə edəcək. Rusiya mətbuatı yazır ki, tövsiyə THY və Air Serbia kimi aviaşirkətlərə də təsir edə bilər. Serb aviaşirkətləri keçən həftə Belqraddan Kazan və Soçiyə uçuşları dayandırıb, Moskvaya uçuşlar isə davam edir.

Məlum olduğu kimi, Avropa İttifaqına üzv ölkələrin aviaşirkətləri 24 fevral 2022-ci il tarixindən sonra tətbiq edilən sanksiyalara görə Rusiyaya uçuşlar həyata keçirmir.

Agentlik bildirib ki, uçuş təhlükəsizliyinin qiymətləndirilməsi dəyişərsə, tövsiyə erkən tarixdə nəzərdən keçirilə və ya geri götürülə bilər. EASA, Avropa Komissiyası ilə əməkdaşlıq edərək, vəziyyəti yaxından izləməyə və aviaşirkətlər üçün risk səviyyəsini qiymətləndirməyə davam edəcək.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, təyyarə Qroznı yaxınlığında kənardan müdaxilə nəticəsində zədələnib və idarəetməni itirib. Məlumata görə, təyyarə radioelektron döyüş sistemləri tərəfindən idarədən çıxarılıb və yerdən atəş nəticəsində quyruğu ciddi zədələnib.

Rusiya Mülki Aviasiya İdarəsi (Rosaviatsiya) EASA-nın Rusiyanın 60-cı şərq meridianının qərbindəki regionları üzərində uçuşlardan yayınma tövsiyəsini Qərb ölkələrinin Rusiyanın mülki aviasiya sektoruna qarşı sanksiya siyasətinin davamı kimi qiymətləndirib.

“Rosaviasiya”nın rəsmisi bildirib ki, bu tövsiyə Asiya aviaşirkətlərinin Transsibir marşrutları ilə Avropa İttifaqının hava limanlarına yerinə yetirdiyi uçuşların sayını azaltmaq cəhdidir. Agentlik iddia edib ki, bu tövsiyələr Asiya hava yollarının Rusiya ərazisindən tranzit uçuşlarının məhdudlaşdırılmasına yönəlib.

Seçilən
0
hafta.az

1Mənbələr