Bu gün mərhum Xalq artisti Mirzə Babayevin anım günüdür.Missiya.Az xəbər verir ki, Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib.
Sənətkarın atası- Əbdül Cabbar müasirliyin tərəfdarı idi, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib, demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Mirzə Babayevə musiqiyə maraq yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə böyük səhnəyə çıxmazdan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də çıxış edib.
Görkəmli şəxsiyyət Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən, müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4–5 medalla qayıdıb) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğundur. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, lakin nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin həmin mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi.
Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub. 2002-ci ildən prezident təqaüdçüsü olub.
2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib. İfa etdiyi mahnılar sırasına, Limanlar; Saçlarına gül düzüm; Uzaq yaşıl ada; Kəpənək; Bir axşam; Dayan, zaman və s. da daxildir.
Zərintac MayisqızıMissiya.Az