Afrika, Cənubi və Cənub-Şərqi Asiyanın nəhəng və sevimli canlıları olan fillər 4 metr boyu və 7 min kilo çəkisi ilə quruda yaşayan ən böyük heyvan ünvanını da daşıyırlar. Ancaq bu nəhəng canlılar təkamül prosesində insanlar səbəbiylə bəzi dəyişikliklər yaşayırlar.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, elm yazıçısı Çağrı Mert Bakırcının xəbərinə görə, son 80 ildə fillərin dişsiz doğulma nisbəti nəzərəçarpacaq dərəcədə artıb.
Bu, insanlar tərəfindən qeyri-qanuni fil sümüyü ovlanması səbəbindən təkamül uyğunlaşması hesab olunur.
Xüsusilə Şərqi Asiyada fil sümüyündən olan zərgərlik və bəzək əşyaları sərvət simvolu olaraq görülərkən, fil sümüyü “alternativ tibb” üçün də istifadə olunur.
1930-cu illərdə dişsiz doğum 1-2 faiz təşkil edirdi. Bu gün bəzi populyasiyalarda bu nisbətin 98 faizə çatdığı məlumdur. Bu sürətli təkamül dəyişməsi təbii seçmənin təsirini və insan fəaliyyətinin ekosistemlərə uzunmüddətli təsirlərini nümayiş etdirir.
Alimlərin və təbiət müşahidəçilərinin verdiyi məlumatlara görə, dişsiz doğulan fillərin sağ qalma şansının artdığı və bu xüsusiyyətlərin sonrakı nəsillərə ötürüldüyü məlumdur.